İşdən çıxarılan icra başçısı xaricə getdi

İşdən çıxarılan icra başçısı xaricə getdi Mahmud Quliyev açıqlama verib

Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev xaricə gedib.

Bu barədə Report-a M.Quliyevin özü məlumat verib.

O hazırda xarici ölkələrdən birində istirahətdə olduğunu deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 3-də imzaladığı sərəncamla Mahmud Nayfalı oğlu Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Akif İsmayıl Səlimov isə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib ki, əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar.

Onun sözlərinə görə, Laçın və Cəbrayıl rayonlarının icra hakimiyyəti başçıları da məhz elə o səbəbdən vəzifələrindən azad ediliblər:

“Onlar öz fəaliyyətlərini Azərbaycan prezidentinin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər.

Vəzifədən azad edilən icra başçıları amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər və nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzlarını itiriblər”.

Oxşar xəbərlər