Rusiya Türkiyənin müdaxiləsi halında Suriyadakı kürd döyüşçülərini qorumağa söz verib. Bunu “Bloomberg” agentliyinə müsahibəsində “Suriya Kürdüstanı”nın Moskvada bir neçə gün əvvəl fəaliyyətə başlayan nümayəndəliyinin rəhbəri Rodi Osman deyib. Onun sözlərinə görə, Ankara müdaxilə etsə, bu, “böyük müharibə”yə gətirib çıxaracaq. “Rusiya müdaxiləyə reaksiya verəcək. Rusiya yalnız kürdləri deyil, Suriyanın ərazi bütövlüyünü də müdafiə edəcək”, - Osman bildirib. Nümayəndəliyin başçısı həmçinin qeyd edib ki, Rusiyanın hərbi aviasiyası Hələbin şimalında Türkiyə sərhədi istiqamətində əməliyyatlar həyata keçirən kürd döyüşçülərinə dəstək göstərir.