Davudoğlu Rusiyaya müraciət etdi — "Türkiyə Rusiya ilə münasibətləri pisləşdirmək istəmir, çünki..."

Davudoğlu Rusiyaya müraciət etdi — "Biz elə ilk gündən NATO-ya və onun üzvü olan Bolqarıstana bu barədə məlumat vermişik"

Türkiyənin baş naziri Əhməd Davudoğlu Bolqarıstana rəsmi səfəri zamanı Sofiyada çıxışı zamanı Türkiyə-Rusiya münasibətlərindən danışıb.

O bildirib ki, Türkiyə Rusiya ilə münasibətləri pisləşdirmək istəmir, çünki bu həm Qara Dəniz regionu, həm də qonşu bölgələrə və qlobal sülhə mənfi təsir göstərə bilər. Davudoğlu qeyd edib ki, Rusiyanın Su-24 bombardmançısının vurulması Türkiyənin öz hava məkanını qorumaq məcburiyyətindən baş verib.

Onun sözlərinə görə, Türkiyə bütün məsələləri Rusiya tərəfi ilə müzakirə etməyə hazırdır.

"Təəsüf edirəm ki, həmin insidentdən sonra verilən bəyanatlar dialoqa kömək olmadı və buradan bildirmək istəyirəm ki, biz Rusiyayla bütün məsələləri müzakirə etməyə hazırıq. Biz elə ilk gündən NATO-ya və onun üzvü olan Bolqarıstana bu barədə məlumat vermişik", - deyə nazir əlavə edib.

Xatırladaq ki, noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcısı Suriya ilə sərhəddə Rusiyaya məxsus bombardmançı təyyarəni vurub. Türkiyə tərəfi Su-24 təyyarəsinin sərhədi pozduğuna görə vurulduğunu bəyan edib.

Rusiya tərəfi isə təyyarənin Suriya ərazisində vurulduğunu iddia edir.

Oxşar xəbərlər