Yağış sularının idarə olunması Dövlət Proqramında şəhər təhlükəsizliyi və ekoloji dayanıqlıq baxımından xüsusi yer tutur

Yağış sularının idarə olunması Dövlət Proqramında şəhər təhlükəsizliyi və ekoloji dayanıqlıq baxımından xüsusi yer tutur
Müasir dövrdə iri şəhər aqromerasiyalarında su ehtiyatlarının idarə olunması, tullantı və yağış sularının səmərəli təşkili dayanıqlı inkişafın əsas şərtlərindən biri hesab olunur. Xüsusilə iqlim dəyişikliklərinin təsirləri, yağıntıların qeyri-bərabər paylanması və əhalinin artımı fonunda Bakı şəhəri və Abşeron yarımadası kimi ərazilərdə su təsərrüfatı məsələləri strateji xarakter daşıyır. Bu reallıqlar fonunda Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” uzunmüddətli və kompleks yanaşmanın nəticəsi kimi qiymətləndirilir.
Dövlət Proqramının əsas məqsədi Bakı və Abşeron yarımadasında əhalinin dayanıqlı, keyfiyyətli və fasiləsiz su ilə təmin edilməsini, su ehtiyatlarının səmərəli idarə olunmasını, həmçinin şəhər mühitində ekoloji təhlükəsizliyin gücləndirilməsini təmin etməkdir. Proqramda su təchizatı sistemlərinin texniki vəziyyətinin yaxşılaşdırılması, şəbəkələrdə itkilərin azaldılması və müasir mühəndis-texnoloji həllərin tətbiqi əsas prioritetlər sırasındadır.
Cənab Prezident İlham Əliyevin sosial yönümlü dövlət siyasətində su təhlükəsizliyi mühüm strateji komponent kimi çıxış edir. Bakı və Abşeron yarımadasında su mənbələrinin məhdudluğu nəzərə alınaraq, Dövlət Proqramında mövcud su ehtiyatlarının qorunması və yeni alternativ mənbələrin istifadəsi xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bu kontekstdə su anbarlarının rolu xüsusilə vurğulanmalıdır. Su anbarları təkcə içməli və texniki su təminatının deyil, eyni zamanda su ehtiyatlarının tənzimlənməsinin və mövsümi risklərin azaldılmasının əsas alətlərindən biri kimi çıxış edir.
Proqram çərçivəsində Bakı və Abşeron yarımadasını qidalandıran mövcud su anbarlarının istismar səmərəliliyinin artırılması, onların texniki təhlükəsizliyinin gücləndirilməsi və su tutumunun optimal idarə olunması nəzərdə tutulur. Su anbarlarında avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi, hidroloji monitorinqin gücləndirilməsi və su balansının elmi əsaslarla tənzimlənməsi bu sahədə əsas istiqamətlərdəndir. Bu yanaşma su itkilərinin minimuma endirilməsinə və fövqəladə vəziyyət risklərinin azalmasına xidmət edir.
Eyni zamanda Dövlət Proqramında perspektiv su anbarlarının yaradılması və mövcud su toplama infrastrukturlarının genişləndirilməsi məsələləri də öz əksini tapır. İqlim dəyişiklikləri fonunda yağıntı sularının toplanaraq saxlanılması və sonradan istifadəsi mühüm alternativ mexanizm kimi qiymətləndirilir. Bu baxımdan, yağış sularının müəyyən ərazilərdə lokal su anbarları və toplama hövzələri vasitəsilə yığılması həm daşqın risklərinin azaldılmasına, həm də su ehtiyatlarının artırılmasına imkan yaradır.
Yağış sularının idarə olunması Dövlət Proqramında şəhər təhlükəsizliyi və ekoloji dayanıqlıq baxımından xüsusi yer tutur. Bakı şəhərində intensiv yağıntılar zamanı yaranan subasma hallarının qarşısının alınması üçün yağış sularının toplanması sistemlərinin su anbarları və kollektorlarla inteqrasiyası nəzərdə tutulur. Bu, şəhər mühəndis infrastrukturlarının kompleks şəkildə işləməsini təmin edən müasir urbanistik yanaşmanın göstəricisidir.
Tullantı sularının təmizlənməsi və yenidən istifadəsi məsələsi də su anbarları ilə bağlı strategiyanın tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin ekoloji siyasətində tullantı sularının təmizlənərək texniki məqsədlər üçün istifadəsi mühüm istiqamət kimi müəyyən edilmişdir. Bu məqsədlə müasir təmizləyici qurğuların inşası və təmizlənmiş suların su anbarları vasitəsilə sistemə qaytarılması su resurslarından daha rasional istifadə imkanı yaradır.
Dövlət Proqramında institusional idarəetmə və elmi yanaşma mühüm rol oynayır. Su anbarlarının istismarı sahəsində beynəlxalq təcrübənin tətbiqi, hidrotexniki təhlükəsizlik standartlarının yüksəldilməsi və mütəxəssis hazırlığının gücləndirilməsi proqramın uzunmüddətli effektivliyini təmin edən əsas amillərdən biridir. Rəqəmsal texnologiyaların tətbiqi ilə su səviyyəsinin, keyfiyyətinin və ehtiyatlarının real vaxt rejimində izlənilməsi idarəetmədə çevikliyi artırır.
Sosial-iqtisadi baxımdan su anbarları və ümumilikdə su təsərrüfatı layihələri əhalinin həyat keyfiyyətinə birbaşa təsir göstərir. Etibarlı su təchizatı sanitariya şəraitinin yaxşılaşdırılmasına, əhalinin sağlamlığının qorunmasına və şəhər mühitinin komfort səviyyəsinin yüksəldilməsinə xidmət edir. Eyni zamanda bu sahədə həyata keçirilən iri infrastruktur layihələri məşğulluğun artırılmasına və iqtisadi aktivliyin stimullaşdırılmasına şərait yaradır.
Nəticə etibarilə, Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı Cənab Prezident İlham Əliyevin strateji idarəçilik baxışının, ekoloji məsuliyyətinin və dayanıqlı inkişaf konsepsiyasının məntiqi davamıdır. Su anbarlarının bu proqramda mühüm yer tutması Azərbaycanın su təhlükəsizliyinin təmin olunmasına, iqlim risklərinə adaptasiyaya və gələcək nəsillər üçün resursların qorunmasına yönəlmiş ardıcıl dövlət siyasətinin bariz nümunəsidir. Bu proqramın sistemli icrası Bakı və Abşeron yarımadasının ekoloji, sosial və iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaqdır.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
tarix müəllimi Həsən Xələfov



Oxşar xəbərlər