
Bu səfər iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm mərhələ hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev qonağı yüksək səviyyədə qarşılamış və əlaqələrin hazırkı vəziyyətini xüsusi vurğulamışdır.
Mattarella-nın Azərbaycana ilk səfəri 2018-ci ildə baş tutmuşdu. Həmin dövrdə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi hələ icra mərhələsində idi. Qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün göstərilən siyasi dəstək nəticəsində layihə uğurla başa çatdırıldı. Bu gün isə Azərbaycan qazı İtaliya üzərindən Avropaya çatdırılır ki, bu da əməkdaşlığın bariz nümunəsidir.
Prezident İlham Əliyev bu səfər zamanı enerji sahəsində birgə fəaliyyətin strateji əhəmiyyətini xüsusi vurğulamışdır. Onun sözlərinə görə, Azərbaycan yalnız qaz ixracı ilə kifayətlənmir, eyni zamanda elektrik enerjisinin Avropaya ötürülməsi istiqamətində də yeni layihələrə hazırlaşır. Bunun üçün əlavə infrastrukturun qurulması nəzərdə tutulur.
Səfərin önəmli məqamlarından biri də humanitar sahədə əməkdaşlıq idi. Bakıda yaradılan İtaliya-Azərbaycan Universiteti iki ölkə arasındakı mədəni və elmi əlaqələrin inkişafında mühüm rol oynayacaqdır. İlham Əliyev bu layihəni xalqlar arasında dostluq körpüsü kimi dəyərləndirmişdir.
Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi ildən-ilə artmaqdadır. İtaliya bu gün Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri kimi çıxış edir. Bu əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır, həm də sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə genişlənməkdədir.
İtaliya Prezidentinin Azərbaycana son səfəri bir daha sübut etdi ki, iki ölkə arasındakı əlaqələr etimad və ortaq maraqlara əsaslanır. Enerji, təhsil, mədəniyyət və iqtisadi sahələrdə atılan addımlar strateji tərəfdaşlığı daha da möhkəmləndirir və gələcək əməkdaşlıq üçün yeni imkanlar açır.
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Nərminə Şirinova