
Çağdaş dövrdə müstəqilliyini qazanmış Azərbaycan bütün dünya ölkələrinə sülh və təhlükəsiz əməkdaşlıq,qarşılıqlı güvən əsasında səmərəli tərəfdaşlıq doktrinasını dəfələrlə bəyan etmişdir.Bu da bir həqiqətdir ki,ölkə rəhbərliyinin xarici iqtisadi əlaqələr müstəvisində yürütdüyü uğurlu siyasət diplomatik etimadımızın və əlverişli biznes mühitinin davamlı möhkəmlənməsinin rəhni olmuşdur.
Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrində əhəmiyyətli rol almış ölkələrdən biri də İtaliyadır.Bu Avropa ölkəsinin Azərbaycana marağı hədsizdir.Təsadüfi deyil ki,İtaliya dövlət müstəqilliyimizi ilk tanıyanlar sırasındadır.İtaliya Azərbaycanın,eləcə də Azərbaycan İtaliyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır.İtaliyanın Cənubi Qafqaz bölgəsi ilə ticarət dövriyyəsinin təqribən 95%-i Azərbaycanın payına düşür.Cənubi Qafqazda italyan məhsullarının əsas idxalatçısı olmaqla bərabər Azərbaycan həm də qoca qitənin bu ölkəsi üçün xam neft tədarükçüsü kimi missiya daşıyır.
Bu günlərdə İtaliya Respublikasının Prezidenti Sergio Mattarellanın ölkəmizə rəsmi səfəri baş tutmuşdur. Səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanmışdır.Cənab Prezident İlham Əliyev bu səfərlə,eyni zamanda italiya-azərbaycan münasibətləri ilə başlı mətbuata bəyanatla çıxış etmişdir.
Bəyanatda iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə daşındığı vurğulanmış,ikitərəfli gəlişmələrin aydın konturları cızılmışdır.Cənab Prezident öz çıxışında yaxın keçmişə işarə edərək,bildirmişdir:” Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik.
Bu gün Prezident Mattarella ilə söhbət əsnasında onun keçən səfərini xatırladıq. O vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.”
Bu gün isə bu əməkdaşlığın miqyası daha da genişlənməkdədir.TAP-ın və Cənub Qaz Dəhlizinin daha əzəmətli layihələrə yol açdığını əminliklə söyləyə bilərik.Belə ki Mərkəzi Asiyadan Xəzərin dibi ilə ölkəmizə və daha sonra isə qoca qitəyə ötürüləcək elektrik enerjisi əməkdaşlığımızın həcmini daha da artıracaqdır.
Humanitar sahədə də fərəh doğuran addımlar atılmaqdadır.Artıq ölkəmizdə İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başlaması əməkdaşlığın dinamikasının vüsətini göstərməkdədir.Bu universitetdə təhsil alan yüzlərlə tələbə İtaliyanın Azərbaycandakı, eləcə də Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər.Bu isə təbii ki,bizim dostluğumuzu daha da sarsılmaz edəcəkdir.
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov