Bankların nəzərinə! MÜŞTƏRİNİN EVİNƏ ZƏNG VURMAYIN

Bankların nəzərinə! MÜŞTƏRİNİN EVİNƏ ZƏNG VURMAYIN Vəkil: “Bank mütəxəssisinin borclunun ailə üzvlərinə, iş yerinə müraciət etməsi qanuna ziddir”

“Əgər müştərinin banka borcu varsa və borcun ödənişi gecikdirilirsə, o zaman bankın nümayəndəsi şəxsən borclunun özünə zəng edərək borcunun ödənilməsini xahiş edə bilər. Amma borclunun ailə üzvlərinə və yaxud da, iş yerinə müraciət etməsi qanuna ziddir”. Bu fikirləri Sia-ya açıqlamasında vəkillər kollegiyasının üzvü, vəkil Asif Abdullayev deyib. Vəkil bildirib ki, borclunun kreditinə dair məlumatlar bank sirrini təşkil edir: “Belə ki, banklar bank sirrinin qorunmasına təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Həmçinin müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.Banklar haqqında qanunun 41.6.-cı maddəsinə əsasən, bank sirrini təşkil edən məlumatlar bank tərəfindən qanunsuz olaraq açıqlandığı halda hüquqları pozulmuş müştəri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər”.

Oxşar xəbərlər