Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli-mədəni irsinə hər zaman böyük dəyər verib."Novruz bayramı qədimlərdən, ulu əcdadlarımızdan bizə yadigarı qalmış bir bayramdır." — Ulu Öndər Heydər Əliyev.
Novruz çox qədim zamanlardan Şərq dünyasında həm yazın gəlişi, yeni mövsümün başlanması, əkinçilik və maldarlıq mədəniyyəti ilə bağlı, həm də xalqın mənəvi-əxlaqi dəyərlərini, humanizm və həmrəylik kimi bəşəri duyğuları qabarıq şəkildə göstərən ayin və etiqadlar sistemidir. Baharın gəlişi münasibətilə icra olunan bir sıra xalq oyunları, nəğmələr və mərasimlərin kökləri atəşpərəstlik və islamla bağlı olmayan daha qədim dövrlərə gedib çıxır. Lakin bir çox müstəmləkəçi dövlətlər Novruz bayramının bəzi inanc və mərasimlərini zərdüştlük və İslam dini ilə bağlayırlar. Dini alimlər Novruz bayramına qədər keçirilən dörd çərşənbə axşamlarını, yəni su, od, külək (hava), torpaq ünsürlərini zərdüşti divanında müqəddəs hesab etdikləri üçün zərdüşt dinini təbiət dini adlandırmışlar. Göründüyü bəllidir ki, hər hansı bir milləti asılı və kölə vəziyyətinə salmaq və asılılığa etmək üçün onun milli-mənəvi dəyərlərini unutdurmaq və soy kökündən uzaqlaşdırmaq lazımdır.
Milli-mənəvi dəyərləri, tarixi kimliyi və milli irsin özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya fenomenal şəxsiyyətlərin üzərinə düşür. Azərbaycanda bu məsuliyyətli missiyanı məhz Ulu Öndər Heydər Əliyev öz üzərinə götürərək hakimiyyətdə (1969-1982, 1993-2003) olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin həyata keçirilməsinə böyük önəm vermiş və himayədarlıq göstərmişdir.
Ümummilli Lider Novruz bayramını xalqımızın tarixini bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir:
"Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını və onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığının yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha xoşbəxt inam duyğusu bəxş etmişdir."
Novruz həm də yüksək mənəvi-əxlaqi və mədəni dəyərləri ilə cəmiyyəti irəli aparan, onu saflaşdıran, insanları sülhə, dostluğa səfərbər edən böyük tərbiyə mənbəyidir. Lakin bu bayram müəyyən dövrlərdə qadağalara, təzyiqlərə məruz qalmışdır. Əvvəlcə Rusiya imperiyası ideoloqları müxtəlif yollarla Novruzu milli yaddaşdan silib, yeni-yeni bayramlar keçirməklə onu gözdən salmağa, xalq içərisində unutdurmağa böyük cidd-cəhd göstərmişlər. Bu ənənə XX yüzilliyin 20-30-cu illərində sovet rejimi daha ağrılı şəkildə davam etdirmişdir.
Novruzun və digər dini bayramların keçirilməsinə böyük qadağalar qoyulmuş, Novruz bayramını da dini bayram hesab edərək unutdurmağa çalışmışdır.
XX yüzilliyin 60-cı illərinin sonlarında ölkədə milli özünüdərk prosesi zamanı yenidən milli-mənəvi dəyərlərin bərpasına və keçirilməsinə başlanıldı. Novruz bayramı sovet hakimiyyəti dövründə ilk olaraq 1967-ci ildə keçirilsə də, ancaq mütəşəkkil formada 1970-ci illərdə Ulu Öndərin rəhbərliyi altında bütün ölkədə qeyd olundu və televiziya ilə yayımlanmışdır. Ulu Öndərin hakimiyyəti dövründə Novruz adət-ənənələri çəkilmiş filmlərdə də öz əksini tapmışdır. Hər dəfə "Dəli Kür" filminə baxarkən Novruzun necə təbliğ olunduğunu əyani şəkildə görürük.
1991-ci il oktyabrın 18-də müstəqilliyə qovuşan Azərbaycan Qarabağ müharibəsi ilə əlaqədar olaraq, Novruz bayramını yüksək əhvali-ruhiyyə ilə keçirməmişdir. Ulu Öndər 2-ci dəfə hakimiyyətə gəldikdən sonra Novruz bayramı yüksək səviyyədə keçirilmiş, dünya azərbaycanlılarının milli bayramına və siyasi birlik ideologiyasına çevrilmişdir. Ümummilli lider 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını bayram münasibətilə təbrik etmiş, ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşatmış, ölkə vətəndaşlarını vətənin çiçəklənməsi naminə birləşməyi arzulamışdır.
Ulu Öndərin siyasəti və milli-mənəvi dəyərlərimiz bu gün onun siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə, o cümlədən Novruz bayramına böyük dəyər verməsi beynəlxalq təşkilatlarda öz əksini tapmışdır. Belə ki, 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi milli siyasətimizdə Novruzun nə qədər böyük gücə malik olduğunun parlaq sübutudur.
Ruhun oyanışı, yeni bir həyatın başlanğıcı və təbiətin oyanışı olan bu gözəl Bahar bayramı yenə də gəlişi ilə ömrümüzün bəzəyi, ruhumuzun yeniliyidir. Artıq beş ildir ki, Novruz bayramının bir başqa gözəlliyi, sevinci və qüruru var. Ona görə ki, 30 ilə yaxın bu bayram tonqalları işğal olunmuş torpaqlarımızda yandırılmırdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun düşmənə qalib gəlməsi və torpaqlarımızın azad edilməsi ilə nəticələndi.
2021-ci ilin yazından başlayaraq cənab İlham Əliyev işğaldan azad olunmuş rayonlara gedərək, öz ata-baba torpaqlarına qayıtmış sakinlərlə birgə Novruz bayramı şənliklərini keçirir. Azərbaycan xalqına bu bayram sevincini yaşadan bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allah şəfa və cansağlığı versin.
Allah bizim birliyimizi və sevincimizi daimi etsin.
Yaşasın Azərbaycan xalqı!
305 nömrəli tam orta ümumtəhsil məktəbi.
Tarix müəllimi Qasımov Tarverən Qasım oğlu.