Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib

Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib

Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qürur doğuran növbəti məqamlardan biridir. Ümumiyyətlə, oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında müzakirə olunan məsələlər, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir çox tərəfləri ilə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Bu xəbər həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılandı. Amma burada əhəmiyyətli olan digər həssas məqam var və bu məqam ölkə rəhbərinin prosesə necə uzaqgörən və bütöv nəzərlərlə baxışını sərgiləyir. Məsələn, müharibədən az sonra 2021-ci il “Nizami Gəncəvi İli” elan olundu. O zaman il girər-girməz dövlətimizin başçısının bizi “Nizami Gəncəvi İli” sevinci ilə müjdələməsi mədəni iqlimə köklənməyə gözəl bir vəsilə oldu. Prezident İlham Əliyevə görə Nizami məhz bizim bir xalq, dövlət kimi varlığımızın siması statusunda tanıdılmalı idi. 2022-ci il “Şuşa İli” elan edildi. Bununla bağlı Sərəncam bizim bir xalq, dövlət kimi varlığımızın siması – sülhün və mədəniyyətin çağırışçısı statusunda tanıdılmağımız üçün mühüm dəyər kəsb edirdi. Həmin dövrdən etibarən milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində estetik bir dönəm başlandı. İndi də Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi xəbərindən qürur duyuruq. Bu qərar bizim haqq savaşımıza, qazanılan Zəfərimizə ehtiram nümunəsi olmaqla yanaşı, həm də Qarabağla bağlı aparılan quruculuq işlərinə mənəvi planda yanaşmaq, onun dəyərlərinin ehtiva olunduğu ən kiçik nüansı belə bədii-estetik yaddaşın mərkəzinə çevirmək məqsədi daşıyır.
Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biri idi. Şəhər tamamilə dağıdılmış, vandalizmə məruz qoyulmuş, yerlə-yeksan edilmişdi. Artıq Laçın əvvəlki əzəmət və qürurunu bərpa etməkdədir, quruculuq prosesləri burada dinamik şəkildə həyata keçirilir, keçmiş məcburi köçkünlərin bir qismi doğma yurdlarına qayıdıb və bu qayıdış ardıcıl şəkildə reallaşacaq.
Prezident İlham Əliyev MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı qəbul etdikləri müraciət haqqında danışarkən bildirdi ki, Azərbaycan ümumi Qələbəmizə sanballı töhfə verib: “Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar”.

Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Sevinc Həşimova

Oxşar xəbərlər