Müharibə həmişə böyük sayda canlı itkilərə səbəb olur. Yaralı və ya xəstə əsgər öz vəzifəsini artıq tam yerinə yetirə bilmir. Onun müalicəsi, ön xətdən alınıb arxaya müalicəyə aparılma və həyatını xilas etmə məsələsinin təşkili hərb dövründə mühüm önəm kəsb edir. 1941-ci ildə Almaniyanın qəfil hücumunun ilk aylarında SSRİ-də hərbi-tibbi xidmət də ağır vəziyyətə idi. Bir tərəfdən tibb işçiləri, dava-dərman çatışmır, digər tərəfdən isə düşmən aviasiyası tibb ocaqlarını bir-bir sıradan çıxarır, tibbi infrastruktur məqsədyönlü şəkildə məhv edilirdi. Yaralıları və xəstələri ağır şəraitdə müalicə etmək lazım gəlirdi. Belə bir fəlakətli duruma baxmayaraq, 1941-ci ildə müharibə başlananda ön və arxa cəbhədə bu işin təşkili yönündə mühüm işlər görülmüşdü.
Müharibənin başlanması ilə Azərbaycan SSR-in səhiyyəsi və tibb elmi də ağır sınaq qarşısında olmuşdur. Sovet rəhbərliyinin müharibənin ilk günlərindən Ordunun yaralı və ya xəstə əsgər və zabitlərinin müalicəsini təşkil etmək üçün aldığı qərarlar sırasında Sov. İK(b)P Mərkəzi Komitəsinin yaralı döyüşçülərə xidmət üçün yerli yardım komitələrinin yaradılması barədə 8 oktyabr 1941-ci il qərarını göstərə bilərik. Bu qərara əsasən, 1942-ci ilin yanvarında Azərbaycanda Mərkəzi Komitəsinin katibi Əziz Əliyev başda olmaqla “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək” Respublika Komitəsi yaradılmışdı.
Ümumi səfərbərlik planına əsasən, Azərbaycanda hospital şəbəkəsini ilk vaxtlar 6000 çarpayılıq, 7-8 təxliyə hospitalı həddində qurmaq planlaşdırılırdı. Lakin cəbhələrdə baş verən ağır hadisələrin gedişi Bakını və bütün Azərbaycanı hərbi sanitariya və təxliyə xidmətinin fəaliyyət bazasına çevirmişdi.
Müharibənin ilk günlərində Bakıda beş min çarpayılıq beş hərbi hospitalın təşkili mümkün olmuşdu. Bu hospitallar: ali məktəb binalarında, məktəblərdə, mədəniyyət evlərində, mövcud tibb müəssisələrində yerləşdirildi. Hospitallarda çalışmaq üçün tibb işçiləri ilə yanaşı, mülki vətəndaşlar da cəlb olunurdu.
Yaralıların cəbhədən Azərbaycana gətirilməsi əsasən 1941-ci ilin sentyabrın əvvəlindən başlamış və bir ay ərzində burada fəaliyyətə başlamış təxliyə hospitallarına 2810 nəfər qəbul edilmişdi. Ümumilikdə isə buradakı hərbi hospitallara 1941-ci ilin sentyabr-noyabr ayları ərzində cəbhələrdən 22,5 min yaralı və xəstə gətirilmişdi. Bu durumu nəzərə alan Səhiyyə Komissarlığı hər yerdə yararlı və inzibati binaları, təcrübəli tibb kollektivlərini təxliyə hospitallarının sərəncamına vermişdi.
Bəzi hallarda, Bakı Şəhər Səhiyyə İdarəsi, yerlərdə bir neçə evdar qadını cəlb etməklə, iki-üç gündə yeni bir hospitalın işini qurmağı bacarırdı. İctimaiyyət, əsasən də qadınlar yaralı döyüşçülər üçün əlverişli şərait və rahatlıq yaratmaq üçün əllərindən gələni əsirgəmirdilər. Məsələn, Orconokidze (indiki Suraxanı) rayonunda 3678 saylı xəstəxananın təşkili zamanı əhalidən 300 dekorativ bitki, 87 yastıq, 63 süfrə, 104 salfet, yüzlərlə pəncərə pərdəsi toplanmışdı. Bu, yerli əhalinin, Bakıda və bölgələrdə təxliyə hospitallarının təşkilindəki fəal iştirakına parlaq misaldır.
Azərbaycandakı təxliyyə hospitallarına 1941-ci ilin sentyabr, oktyabr və noyabr ayları ərzində daxil olan 22.409 yaralı və xəstə əsgər və zabitdən 9 mindən çoxu sağalaraq hərbi hissələrə qayıtmışdılar. Amma 1941-ci ilin sonuna doğru təxliyə hospitallarına yaralı və xəstə qəbulu getdikcə artmağa başlamışdır: 1-14 dekabr 1941-ci il tarixləri arasında Bakıya yaralılarla dolu 22 hərbi sanitariya qatarı gəlmişdi. Bu vəziyyət yeni təxliyə hospitallarının təşkilini tələb edirdi. Cəbhə zonasından hərbi hospitalların daha bir neçəsinin Bakı şəhərinə köçürülməsindən sonra, 1943-cü ilin ortalarına doğru hospitalların sayı 89-a çatmışdı. Bu hospitallardan 64-ü Bakı şəhərində idi.
Qələbənin əldə olunmasında Azərbaycan xalqının ziyalı oğullarının da mühüm rolu olub. Topçubaşovun ixtirası olan orijinal keyitmə üsulunun hərbi hospitallarda istifadəsi sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, rast gəlinən bir sıra mənfi halların aradan qaldırılmasına imkan verdiyinə görə hərbi hospitallarda geniş tətbiq edilməyə başlandı və müalicə işlərinin yüksək keyfiyyətlə, qısa müddətdə aparılmasına şərait yaratdı. Bu da öz növbəsində yaralı döyüşçülər arasında sağlamlığı bərpa olunanların sayının artmasına və Silahlı Qüvvələrin sıralarına qayıtmasına səbəb olmuşdu. Hələ 1941-ci ildə Bakıda müalicə olunan yaralı döyüşçülərin 81,8 %-i sıraya qaytarılmışdı.
Bu faktlar onu göstərir ki, Azərbaycan xalqı nəinki ön cəbhədə döyüşmüş, arxa cəbhədə də misilsiz xidmətlər göstərmişdir. Bu xalqımızın nə dərəcədə mübariz, vətənpərvər və qüdrətli bir xalq olduğunun sübutudur.
Maştağa qəsəbəsi 187 nömrəli tam orta
məktəbin Azərbaycan dili müəllimi
Məhsəti Yusifova