Polkovnik Həsənov Orxan Vəlizadə ilə bağlı məsələyə aydınlıq gətirdi

Polkovnik Həsənov Orxan Vəlizadə ilə bağlı məsələyə aydınlıq gətirdi “Əsgər Orxan Vəlizadənin müalicəsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən bütün zəruri tədbirlər görülüb”

Bu barədə Azvision.az-a açıqlamasında Silahlı Qüvvələrin baş cərrahı, tibb xidməti polkovniki Mütəllim Həsənov məlumat verib.

Tibb xidməti polkovniki xatırladıb ki, “N” saylı hərbi hissənin əsgəri Orxan Vəlizadə 2018-ci il aprel ayının 3-də xidməti vəzifələrini yerinə yetirərkən mərmi partlaması nəticəsində travma alıb.

“İlkin tibbi yardım göstərildikdən sonra ağır vəziyyətdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edilən əsgərin müalicəsi cari ilin sentyabr ayının 20-dək davam edib. Hərbi hospitalda müalicə olunduğu müddətdə Orxan Vəlizadə Respublikanın və Silahlı Qüvvələrin baş tibb mütəxəssisləri konsultasiya ediblər. Müalicəsi başa çatdıqdan sonra partlayış nəticəsində əsgərin itirilmiş bədən üzvlərinin protezləşdirilməsi məqsədi ilə o, hərbi həkim komissiyasına təqdim edilib, əlilliyinin rəsmiləşdirilməsi üçün bütün tədbirlər görülüb, sənədləri hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) göndərilib. Əsgər və onun valideynləri protezin qoyulması ilə əlaqədar ƏƏSMN-nə dəvət olunan zaman həmin qurumun təklif etdiyi protez nümunələri ilə razılaşmayıblar”.

M.Həsənov qeyd edib ki, belə olan təqdirdə 2018-ci il sentyabr ayında Orxan Vəlizadə əmisi Aqil Vəliyevlə birlikdə Müdafiə Nazirliyinin xətti ilə Türkiyə Respublikasına göndəriliblər.

“Orada Orxan Vəlizadəyə türk qazilərinin protezləşdirilməsində istifadə olunun avadanlıqlar təklif edilib. Lakin 23 gün Türkiyədə qaldıqdan sonra Orxan Vəlizadə həmin protezi də bəyənmədiyinə görə geriyə Azərbaycana qayıdıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında protezləşdirilməsini təkid edib. Aqil Vəlizadəyə tibbi-sosial ekspertiza, əlillərin reabilitasiyasının təşkili, əlillərin protez-ortopedik vasitələrlə təmin olunması məsələlərinin Müdafiə Nazirliyinin deyil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid olduğu dəfələrlə izah edilib. Orxan Vəlizadə hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkim nəzarəti altındadır və reabilitasiya müalicəsi alır”.

Oxşar xəbərlər