1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Könüllü sayı mini keçərək cəbhəyə getdilər. Ümumilikdə müharibə illərində 50 minə yaxın xalq qoşununa yazıldı. 200 mindən çox evdar qadın təqaüdçü, yeniyetmə ön cəbhədə olanlara, əsas da vətənə yardım olaraq istehsalata gələrək arxa cəbhədə öz hünərlərini göstərdilər.
Azərbaycan xalqı 1941-1945-ci il II Dünya müharibəsində Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçərək nəinki Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferepol, Odessa kimi böyük şəhərlərin eləcə də Polşa, Çexiya, Yuqoslaviya kimi ölkələrin azad olunmasında qəhramanlıq göstərmişlər.
İgid, qorxmaz, rəşadətli Azərbaycan övladları Həzi Aslanov, Hüseynbala Əliyev və hətta incə məxluq olan öz vətən qardaşları ilə çiyin-çiyinə ölümün gözünə dik baxan qadınlarımız Ziba Səlimova, Züleyxa Seyidməmmədova, Şövkət Səlimova da böyük həvəslə düşmənə qarşı vuruşmuşlar.
Müharibənin ağrı acısını öz çiyinlərində arxa cəbhədə çəkən neftçilərimiz fədakarlıqla cəbhəni təmin ediblər. Aviasiya benzini almaq üçün akademik Yusif Məmmədəliyev başda olmaqla aviasiya problemlərimizi həll etmişlər. Ümumilikdə Azərbaycan neftçiləri müharibə dövründə ölkəyə milyonlarla neft, benzin veriblər.
Alman komandanlığının Qafqaz uğurunda döyüşlərinin əsas məqsədi Bakı üzərində nəzarəti ələ keçirmək idi. Azərbaycan xalqının arxa cəbhədəki misilsiz köməyi II Dünya müharibəsinin ilk günlərindən hiss olunurdu. Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçmişdi. Müharibə dövründə Bakı dəmiryolçuları da böyük şücaət göstərmişdilər.
Həm ön cəbhə, həm də arxa cəbhə ehtiyaclarını ödəmək üçün minlərlə vaqon quru yük, minlərlə sistern neft məhsulları göndərmişdilər. Müharibə dövründə xalq təsərrüfatı sahəsində də yüksək fəallıq hiss olunurdu. Cəbhəçilərin paltarları, geyimləri məhz bu sahədəki insanların əməyi sayəsində ərsəyə gəlirdi. Müharibə dövründə respublikada 66 hərbi hospital yaradılmışdı. Yaralı döyüşçülər üçün litrlərlə qan, qanı əvəz edən preparatlar hazırlanırdı. Minlərlə insan könüllü donor idilər.
II Dünya müharibəsi dövründə xalqın qələbə əzmini yüksəltmək üçün vətənpərvərlik mövzusunda incəsənət sahəsində çalışanlar da əllərindən gələni əsirgəmədilər. Bəstəkarlar qələbə ruhlu əsərlər yaratdılar.
Azərbaycanlılar faşizmə qarşı partizan və müqavimət hərəkatında fəallıq göstərmişdilər. Təkcə ölkədə deyil, ölkə xaricində də igidliklə vuruşmuşlar.
Əzablı, ağrı-acılı çətinliklərlə dolu illər ərzində qazanılan qələbədən sonra dövlət səviyyəsində bu əfsanəvi qələbənin qeyd olunması ənənə halını almışdır.
Müharibə veteranları bu gün də hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ulu Öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına da xüsusi diqqət və qayğı göstərir.
Hər il 9 May - faşizm üzərində Qələbə Günü kimi geniş şəkildə qeyd olunur. Respublikamızda keçirilən tədbirlər 1941-1945-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilib. 1941-1945-ci illər İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələr önündə mərasimlərin keçirilməsi, müharibə veteranlarına hədiyyələrin verilməsi və digər tədbirlər bu kateqoriyadan olan insanlara göstərilən qayğının, diqqətin əyani təzahürüdür. Azərbaycan xalqı 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş oğul və qızlarımızın tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini heç vaxt unutmayacaqdır. Onların həyat yolu bugünkü və gələcək nəsil üçün örnəkdir.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini Turan Cəbiyeva