Azərbaycan xalqı ikinci dünya müharibəsi zamanı həm döyüş meydanlarında, yəni ön cəbhədə, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələrini göstərmişdir.
1941-ci il iyun ayının 22-də Almaniya SSRİ-yə hücum edən zaman Böyük Vətən müharibəsi başlayır. Böyük Vətən müharibəsi ümumxalq xarakteri daşıyırdı. Bu zaman SSRİ-nin tərkibində olan azərbaycanlılar vətənin müdafiəsinə qalxmışdılar.
Azərbaycan xalqının döyüş meydanındakı igidliyindən,cəsarətindən çox sözlər deyilib. Lakin elə nüanslarda var ki, orada sözlə yanaşı fakta da ehtiyac duyulur. Azərbaycanlıların həm arxa həm də ön cəbhədə göstərdiyi qəhrəmanlıq böyük bir faktdır.
Dənizdə, quruda eləcə də havada ordumuzun düşmən üzərində üstünlük əldə etməsinin səbəbi məhz Bakı nefti idi. Bakı neftçiləri çətin ve ağır şəraitdə ordunu neftlə təmin edirdilər.
Həmçinin dəmiryolçular və dənizçilər də ağır şəraitdə hərbi yükləri daşımaq üçün gecələrini gündüzlərinə qatmışdılar.
Hətta azərbaycanlı kimyaçılar, fiziklər, riyaziyyatçılar, geoloqlar hərbi təşkilatların tapşırıqlarını böyük səylə yerinə yetirirdilər. Tibb sahəsində çalışan alimlər yeni müalicə üsulları hazırlayırdılar. Şairlərimiz qələbəyə səsləyən əsərlər yazırdılar. Müharibənin ilk illərində neftayırma zavodları əczaçılıq məhsullarının istehsalını da mənimsəmişlər. Müəssisələrdə günboyu iş gedirdi. Hətta bəzi işçilər gecə evlərinə getmirdilər. Bir sözlə kim əlindən nə gəlirdisə edirdi.
Sonda belə bir nüansı da qeyd etmək lazımdır ki, əgər yenidən müharibə baş verərsə, bu zaman azərbaycan xalqı həm arxa cəbhədə, həm də ön cəbhədə qəhramanlıqla döyüşməyə hazırdır.
Ramana qəsəbəsi, 198 saylı tam orta məktəbin
rus dili müəllimi Nigar Qasımova