Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu qələbənin çox böyük mənası var idi

Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu qələbənin çox böyük mənası  var idi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub. Prezident İlham Əliyev əvvəlcə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Bu gün Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümüdür. Bu münasibətlə sizi, bütün cəbrayıllıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gözəl hadisəni biz dörd il sonra bu gün Cəbrayılda qeyd edirik. Bildiyiniz kimi, mənim Sərəncamımla 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü elan edilmişdir. Əminəm ki, bundan sonra biz hər il bu gözəl günü qeyd edəcəyik. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi.
Cəbrayılın azad olunması artıq beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbəmiz idi. Düzdür ermənilər o vaxt bu qələbəni kiçiltmək istəmişdilər. Hətta bəyan edirdilər ki, bu, o qədər də böyük əhəmiyyət daşıyan ərazilər deyil və sanki Ermənistan tərəfi qalib gəlmişdi. Mən hələ o vaxt deyirdim ki, biz gəlmişik, onların qazdıqları səngərlərdə yerləşmişik, necə ola bilər ki, Ermənistan burada qalib gəlib?! Biz o vaxt böyük ərazini, əlbəttə ki, o vaxt üçün böyük ərazini - bir neçə min hektarı azad etmişdik və təqribən 9-10 min hektar əraziyə nəzarəti əlimizə keçirmişdik. Təkcə bu istiqamətdə yox, eyni zamanda, Ağdərə istiqamətində çox önəmli strateji yüksəklikləri biz o vaxt götürdük ki, İkinci Qarabağ müharibəsində bu yüksəkliklərin çox böyük əhəmiyyəti olmuşdur. O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı Qələbəsi kimi qeyd edirdik və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. Mənim xatirimdədir, o vaxt Dövlətqaçqınkomun sədri Əli Həsənovdan soruşmuşdum ki, belə bir fikrim var, Cocuq Mərcanlı sakinlərini öz kəndinə qaytaraq. O vaxt orada bir ailə - Oktay Həziyevin ailəsi yaşayırdı. Dedim ki, siz öyrənin görün gəlmək istəyirlər, istəmirlər? Artıq uzun müddət keçib, bəziləri Biləsuvarda, bəziləri Bakıda işləyirlər, indi iş yerləri var, qayıtmaq istəyirlər, yoxsa yox? Bir müddət keçəndən sonra Əli müəllim mənə dedi ki, demək olar onların hamısı qayıtmaq istəyir. Bu, məni çox sevindirdi. Çünki o vaxt müxtəlif fikirlər var idi ki, torpaqlar azad olunarsa, məcburi köçkünlər qayıdacaq, qayıtmayacaq, onların bir çoxları o yerləri görməyiblər, onların uşaqları, nəvələri. Ancaq o sözlər bir daha göstərdi ki, xalqımız nə qədər böyük xalqdır. Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır və bu gün Cəbrayıla gələn hər bir insan görür, həm köhnə yol, hansı ki, sovet vaxtında olan yol yenidən qurulmuşdur və mən o yolu çox yaxşı xatırlayıram. Çünki Zəfərdən sonra o yolla dəfələrlə bu bölgələrə gəlmişəm. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana qədər, Qubadlıya qədər və oradan da Laçına qədər davam edir. Digər infrastruktur layihələrinin icrası da uğurla, sürətlə həyata keçirilir. Təkcə Cəbrayıl rayonunda yox, bütün azad edilmiş bölgələrdə. Dünən burada olarkən biz yeni məktəbin açılışını qeyd etdik və siz də bilirsiniz ki, gələn həftədən başlayaraq uşaqlar artıq məktəbə gedəcəklər. Bu yeni məhəllədə xəstəxananın tikintisi və müvəqqəti olaraq tibb məntəqəsi də nəzərdə tutulur. Əlbəttə, belə gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü göstərir, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir. Biz müharibəni Zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə başa vuracağıq. Sizi ürəkdən salamlayıram. Sizin simanızda bütün cəbrayıllıları qucaqlayıram, öpürəm. Allah sizə cansağlığı versin. Bundan sonra cəbrayıllılar Cəbrayılda yaşayacaqlar.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınır. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülür. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Yeganə Eminova


Oxşar xəbərlər