Bu gün artıq biz Cəbrayılın azad olunmasının 4 illiyini qeyd edirik

Bu gün artıq biz Cəbrayılın azad olunmasının 4 illiyini qeyd edirik
Oktyabrın 4-ü Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən biri – xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gündür.Dörd il öncə bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tarixi Qələbə tvitlərindən birini atdı: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.Cəbrayıl Vətən müharibəsinin ilk qazi şəhəri oldu. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cari ilin oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər. Cənab prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib ki: “Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik.”
Bu gün artıq biz Cəbrayılın azad olunmasının 4 illiyini qeyd edirik. Dörd il çox sürətlə keçdi və bu qələbəmiz hər birimizi sevindirir, əminik ki, cənab Prezidentimizin rəhbərliyi ilə xalqımızı qarşıda yeni-yeni uğurlar gözləyir.Bu yerlərə həyat yenidən qayıdır. Cəbrayılın bərpası sürətlə davam edir. Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılır, infrastruktur qurulur . Artıq 2024-cü ildə Cəbrayıl rayonu da öz sakinlərinə qucağını açdı. Rayon mərkəzində inşa edilmiş 33 yaşayış binasının bir neçəsində tamamlanma işləri başa çatmış və həmin mənzillərə sakinlərin köçürülməsi həyata keçirilmişdir. Prezident vurğuladı ki, bu gün bütün Azərbaycan xalqı qəhrəman övladlarımıza minnətdarlıq hissi ilə yaşayır, çünki vətənpərvərlik ruhunda yetişmiş gənc nəsil vaxtilə itirilmiş torpaqlarımızı xalqımıza, dövlətimizə qaytara bilib: “Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda – bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik”.Əksər məcburi köçkünlərimiz kimi cəbrayıllıların da uzun illər çadırlarda, qaçqın düşərgələrində yaşadıqlarını vurğulayan dövlətimizin başçısı, müharibədən sonra Cəbrayılın bərpası və inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqların verildiyini və bu gün Cəbrayılda infrastruktur layihələrinin icrasının uğurla, sürətlə həyata keçirildiyini diqqətə çatdırdı: “Deyə bilərəm ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur… Biz imkan daxilində çalışmışıq ki, həyatınızı bir az yüngülləşdirək. Burada artıq 100-dən çox insan məskunlaşıb, bu gün də, dünən də gələnlər var. Onlardan bir hissəsi Biləsuvardakı qaçqın şəhərciyində yaşamışdır. Yəqin ki, mənim o şəhərciyə gəlişimi xatırlayan da var. Birinci dəfə 20 il bundan əvvəl orada olmuşam. Çalışmışıq ki, yeni mənzillər, yeni evlər tikək və təqribən 300 minə yaxın, bəlkə də çox keçmiş köçkün 2020-ci ilə qədər normal şəraitlə təmin edilmişdir. Ancaq ondan da çox insan ağır vəziyyətdə yaşamışdır. Ona görə bu gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz. Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir”.
Cənab Prezident işğaldan azad edilmiş ərazilərdə və o cümlədən Cəbrayıl rayonunda təkcə infrastruktur layihələrinin icrası və yaşayış komplekslərinin, məktəb və xəstəxanaların tikilməsi ilə kifayətlənilmədiyini, həmçinin bu yerlərə qayıdan və yaxın gələcəkdə qayıdacaq keçmiş məcburi köçkünlərin işlə təmin edilməsi, məşğulluğa cəlb edilməsinin də diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırdı: “Biz, eyni zamanda, buraya qayıdacaq insanların məşğulluğu ilə məşğuluq. Təkcə dünən Cəbrayıl rayonunda yerləşən beş yeni müəssisənin təməlini qoydum. O vaxta qədər “Araz Vadisi Sənaye Zonası”nda 10-a yaxın müəssisənin həm təməli qoyulmuşdu, həm də ki, bir müəssisə artıq fəaliyyətdədir. Təkcə dünən təməlini qoyduğum müəssisələrdə mindən çox insan çalışacaq. Bu müəssisələri ərsəyə gətirən iş adamlarına da mənim tövsiyəm o idi ki, orada işləyənlərin əksəriyyəti Cəbrayıla qayıdan və qayıdacaq keçmiş köçkünlər olmalıdır. Yəni, həm yaşayış yerləri, həm bütün infrastruktur – su, qaz, elektrik enerjisi, yollar, məktəblər, xəstəxanalar, eyni zamanda, məşğulluq. Dünən təməlini qoyduğum müəssisələrin fəaliyyətə başlaması gələn il nəzərdə tutulur. Bəlkə də bəzi müəssisələrin daha genişmiqyaslı fəaliyyəti olacaq və ilyarıma ərsəyə gələcək”.Ölkə rəhbəri görülməkdə olan bütün bu işlərin siyasi və mənəvi-psixoloji aspektini də qeyd etdi və bildirdi ki, bu işlərin görülməsi bir daha onu göstərir ki, bu torpaqlara bu torpaqların əsl sahibləri qayıdıb. Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıtmaqla məşğul olub, ancaq Azərbaycan dövləti, Azərbaycan xalqı isə erməni vandalizminin nəticəsində xarabalığa çevrilmiş bu ərazilərə yenidən nəfəs verməyə, bu əraziləri dirçəltməyə başlayıb. Azərbaycan xalqının quruculuq əzmini bütün dünya görür. Bu gün dünya birliyinin erməni vandalizmi ilə Azərbaycan xalqının qurub-yaratmaq xarakterini əyani müqayisə etmək imkanı var. Cəbrayıl rayonunda görülən bərpa-quruculuq işləri də bunu təsdiqləyir.
Cəbrayılın işğaldan azad edilməsindən keçən dörd il ərzində 7 dəfə bu rayona səfər edən Prezident İlham Əliyev ilk səfəri zamanı gördüyü tükürpərdici mənzərədən, erməni vandalllarının törətdikləri dağıntılardan dəhşətə gəldiyini bildirdi və onu da vurğuladı ki, təəssüf ki, bu gün Ermənistana havadarlıq edən Qərb dövlətləri bütün bu vəhşilikləri görməzdən gəliblər: “Mən tarixi Zəfərimizdən sonra birinci dəfə Cəbrayıla gələndə dəhşətə gəldim. Biz bilirdik ki, ermənilər bizim torpaqlarımızda öz vəhşiliyini hər yerdə göstərmişlər. Bilirdik ki, ərazilərimizin böyük əksəriyyəti dağıntılar içindədir. Amma bu dərəcədə vəhşiliyi, qeyri-insani hərəkətləri təsəvvür etmək mümkün deyildi. Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşmişdi. Qalan bütün şəhər, bax, bu cürdür və bunu görmək istəməyən, Ermənistana bu gün də dəstək verən, onların işğalçılıq siyasətinə bəraət qazandıran bəzi Qərb dövlətləri də gözlərini geniş açıb baxsınlar. Görürlər, amma görməzliyə vururlar. Bizi ittiham edirlər, bizə qarşı sanksiyalar tətbiq edilir. Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr”.
Ölkə başçısı cəbrayıllılarla söhbət əsnasında işğal dövründə digər ərazilərimizin də eyni vəhşiliyə, vandalizmə məruz qaldığını diqqətə çatdırıb. Ermənilər işğal etdikləri bütün Azərbaycan kəndlərini dağıdıblar, bərbad günə qoyublar. Məscidlərimizi də vəhşicəsinə dağıdıblar, orada heyvanxana düzəldiblər, inək-donuz saxlayıblar. Lakin təəssüflər olsun ki, Qərbdə heç kim Azərbaycanın mədəni irsinin işğalçı ermənilər tərəfindən dağıdıldığını, təhqir edildiyini, talan olunduğunu gündəmə gətirməyib, ictimailəşdirməyib, etiraz səsini bildirməyib. Ancaq həyasızlığın dərəcəsinə baxın ki, bu gün Qərb dairələri bizi guya hansısa “tarixi erməni irsi”ni məhv etməkdə ittiham edirlər. Prezident İlham Əliyev bütün bunların tamamilə əsassız olduğunu bildirdi.Dövlətimizin başçısı öz çıxışında bir məqama da xüsusi olaraq toxundu və bildirdi k, bu gün işğaldan azad etdiyimiz bütün ərazilərdə görülən böyük quruculuq-bərpa işlərinə görə, yenidən inşa etdiyimiz şəhərlərə görə, keçmiş köçkünlərimizin öz yurdlarına qayıdışına uğurla start verdiyimizə görə Qərb dairələri bizə cürbəcür məhdudiyyətlər, sanksiyalar tətbiq etməyə çalışırlar. Çünki onların gözü bu işləri götürmür, bu günü, bu yeni reallıqları götürmür. Prezident bildirdi ki, bu gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür: “Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir”.Prezident Qərbin anti-Azərbaycan addımlarından danışarkən ABŞ Dövlət Departamentinin və onun rəhbərinin də ünvanına tənqidi fikirlərini səsləndirdi: “Bu gün səhər mənə məlumat verildi. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik”. ABŞ Dövlət Katibi Entoni Blinken yəqin ki, Azərbaycan Prezidentinin bu həqiqətləri dilə gətirməsindən sonra Ağ Evin riyakar siyasəti barədə düşünməyə məcbur olacaq.

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov



Oxşar xəbərlər