Vətənimizin tarixi səhifələrinə qızıl hərflərlə yazılan “Böyük Qayıdış” Azərbaycanın haqq davası uğrunda atdığı ən mühüm addım olmuşdur

Vətənimizin tarixi səhifələrinə qızıl hərflərlə yazılan “Böyük Qayıdış” Azərbaycanın haqq davası uğrunda atdığı ən mühüm addım olmuşdur
Azərbaycanın əbədi və əzəli torpaqlarından biri olan Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Erməni Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 4 qəsəbə və 97 kənddən ibarət olan rayonun işğalı orada yaşayan dinc əhalinin doğma yurdlarından didərgin düşməsinə səbəb olmuşdur.
İşğal dövründə rayonun ərazisində olan tarixi abidələr, məktəb və xəstəxanalar, 150-yə yaxın mədəniyyət ocağı erməni vandalizminin qurbanı olmuş, məhv edilmişdir. Rayonun ərazisində mövcud olan təbii sərvətlərimiz, tikinti materialları, dəmir, filiz, neft yataqları vəhşicəsinə talanmış, qəsb edilmişdir. Cəbrayıl rayonundakı maddi-mədəni abidələr, türbə və məqbərələr, məscid kompleksləri, eləcə də qəbiristanlıqlar dağıntıya məruz qalmışdır.
27 il davam edən işğal dövründə rayon əhalisi öz doğma el-obalarından ayrı düşmüş, qaçqın düşərgələrində və ölkəmizin müxtəlif regionlarında məskunlaşmış, daim öz doğma yurdlarının həsrəti ilə yaşamışlar.
Nəhayət, 2020-ci ilin sentyabr ayında başlayan II Qarabağ döyüşlərində vətənimizin igid oğulları Ali Baş Komandanın göstərişi və uğurlu siyasəti ilə addımlayaraq torpaqlarımızın geri alınması uğrunda vuruşmuşlar. 4 Oktyabr 2020-ci ildə Cəbrayıl rayonu düşmən tabdağından xilas edilmiş, minlərlə vətəndaşların yurd həsrətinə son qoyulmuşdur.
Vətənimizin tarixi səhifələrinə qızıl hərflərlə yazılan “Böyük Qayıdış” Azərbaycanın haqq davası uğrunda atdığı ən mühüm addım olmuşdur. Bununla da 27 il sonra Cəbrayıl rayonu düşmən işğalından azad olunmuşdur. Doğma torpaqlarımızın azad olunması uğrunda canı-qanı bahasına vuruşan, şəhid olan igidlərimiz üçün “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilmişdir.
Rayonun ərazisində yerləşən Xüdafərin körpüsündə vətən bayrağının ucaldılması haqq və ədalətin bariz nümunəsidir. Ali Baş Komandanımız tərəfindən atılan bu addımın tarixi və siyasi əhəmiyyəti olduqca böyükdür.
İşğaldan sonra Cəbrayıl rayonunda quruculuq işləri aparılmış, bərpa və yenidənqurma üçün maliyyə vəsaiti ayrılmışdır.

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Səkinə Əliyeva


Oxşar xəbərlər