Azərbaycanın hələ SSRİ dövründən Rusiya ilə dəmir və avtomobil yollarına malik olması onun tranzit imkanlarını səmərəli edib. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə ölkəmizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması prosesinə cəlb etməsi onun uzaqgörən strateji siyasi xəttindən xəbər verirdi.
2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin təməli qoyulub. İndiyədək 13 ölkə (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna) sözügedən Sazişi ratifikasiya edib.
Şimal-Cənub dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir. Yəni bu nəqliyyat arteriyası dünya üçün ən əhəmiyyətli daşınma xətlərindən biri kimi aktullığını daha da artırır.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İrandan keçir. Azərbaycan Şərq-Qərb dəhlizi ilə yanaşı, bu marşrut xəttinə də xüsusi əhəmiyyət verir və bunu şərtləndirən əsas amil ölkəmizin ən sərfəli coğrafi kəsişmə nöqtəsində yerləşməsidir. Yəni ölkəmiz həm Yeni İpək Yolunun Orta Dəhlizində və Şimal-Cənub xəttində orta mövqe tutmaqla bütün beynəlxalq nəqliyyat marşrutlarının əsas mərkəzi nöqtəsidir.
Bu layihə Orta-Mərkəzi Asiya ölkələri üçün də xüsusi maraq doğurur. Bu dəhlizin müəlliflərindən biri olan Hindistan əlavə daşınmalara inteqrasiya üçün yeni qovşaqlar inşa edir. Eləcə də Pakistan və digər ölkələrin də marağı böyükdür.
Şübhəsiz, nəqliyyat əlaqələrinin inkişafı və tranzit potensialından istifadənin genişləndirilməsi Azərbaycanın nəqliyyat siyasətinin ən mühüm prioritetlərindəndir. Ümumiyyətlə, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkənin qlobal nəqliyyat sistemində ən qısa nəqliyyat dəhlizlərinin yaradılmasında rolunu əhəmiyyətli dərəcədə artırır. Bu da Azərbaycanın nəqliyyat əlaqələrinin inkişafını stimullaşdırır və tranzit potensialından maksimum istifadəni aktuallaşdırır.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
tarix müəllimi Şəhanə İmanova