Vaxtilə Ermənistanın baş naziri Nikol Paşinyanın həyasızcasına çıxışlar etdiyi yerdə indi Şuşa sakinlərinin öz Baş Komandanları ilə görüşməsi kimi siyasi bir mesaj yalnız dəmir yumruq sahibinin verəcəyi mesaj tərzidir. İlham Əliyev elə bir siyasi xadimdir ki, onun atdığı hər addım, dediyi hər sözün sətiraltı məna yükü var. Bu, ona dədə-babadan qalmış fitri istedaddır. Hər liderdə bu cür sərrast siyasi atəş qabiliyyətinə rast gəlinmir.
Milli birliyin rəmzi olan bu 10 may görüşündə prezidentin Şuşaya qayıdış barədə səsləndirdiyi fikirlər, ilk növbədə, Şuşanın azadlığı uğrunda həyatlarından, sağlamlıqlarından keçmiş qəhrəman oğullarımızın şəninə idi: “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər”.
Prezidentin igid döyüşçülərimizi çıxışının ön planında tutması şəhid və qazi analarının ürəyinə bir daha İsa bulağından su səpdi, düşmənləri isə “bir qaşıq su”da boğdu. Şuşa kimi mühüm və çətin bir hədəfin bir qrup əliyalın Azərbaycan əsgəri tərəfindən azad edilməsi, onsuz da, bütün hərb dünyasını mat qoyan siyasi gediş idi. Hərb tarixində belə gedişlərin sayı barmaqla sayılacaq qədərdir. Şəhərin tarixi sakinlərinin geriqayıdışı isə bu zəfərin nidasıdır. İlham Əliyev siyasi lider kimi 2019-cu ildə Soçidə “Qarabağ Azərbaycandır” demişdi. 10 may 2024-cü ildə isə Şuşada milli lider kimi bu ifadənin nidasını qoydu.
Prezidentin hər çıxışında 44 günlük Vətən müharibəsindən şanlı tarix olaraq söz açması və bir nəfər də olsun hərbçimizin döyüş meydanını tərk etməməsini, müharibənin birinci günündən qələbənin əldə olunmasını vurğulamasını dilə gətirməsi onun nə qədər təvazökar bir Baş Komandan olmasından xəbər verir. Lakin ordumuzun bu mütləq qələbəsi Ali Baş Komandanın səriştəsini nəinki kölgədə qoyur, parlaq bir Ay kimi daim qələbəmizin üzərində saxlayır. Çünki başsız ordunun uğuru olmaz. Ordumuz 44 günlük hərəkatın yalın ayağı, prezidentimiz isə saat kimi dəqiq işləyən başı, başçısı idi.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə düşmənin belini qıran bu hərbi, siyasi, milli gücün simvolu olan İlham Əliyev çıxışını bu ifadələrlə davam etdirdi: “Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”.
İlham Əliyevin göstərişi əsasında Şuşanın yenidən qurulması planında şəhərin tarixi-memarlıq üslublarına sadiq qalınması Şuşanın tarixinə, şəxsiyyətlərinə və ümumilikdə, Azərbaycanın verilən dəyərin nümunəsidir: “Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şuşada böyük infrastruktur layihələri reallaşdırılır”.
Prezidentin Şuşa və Qarabağın gələcəyi haqqında verdiyi açıqlamalar isə tarixi qələbəmizin başına qoyulan tac oldu: “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər bir azərbaycanlı bununla fəxr edəcək”.
Ali Baş Komandanın Fransa və Amerika kimi nəhəng siyasi qüvvələrin ünvanına səsləndirdiyi fikirlər əsaslı və birmənalıdır: “Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdi. Və Fransa da, Amerika da, həmçinin…”
Prezidentin xarici siyasi elitaya Fransa və Amerikaya dair səsləndirdiyi fikirlərdə Vaqifin şirin dilinin cilvələrindən istifadə etməsi xalqımızın ürəyinə yağ kimi yayıldı: “Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir”. 44 günlük müharibədə düşməni gorbagor edən, iti qovan kimi qovan liderin bu cür dogma çıxışı xalqımıza yad deyildir.
Prezident bildirdi ki, Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, buna nail ola bilməyiblər: “Əgər ermənilər bunu özlərinə doğma şəhər sayırdılarsa, Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Daş daş üstə qoyulmayıb. Biz gəlmişik, burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq”. Bu çıxışla biz bir daha əmin oluruq ki, artıq Şuşanın dağlarının başından duman çəkilir, Şuşa qırmızı koftasını geyib şadyanalıq edir, yaşıl tumanının əbədi naxışı olan Xankəndi ilə birgə biryolluq Azərbaycan xalqının məskəninə çevrilir.
Bir azərbaycanlı olaraq prezidentimin qürur dolu və əsaslı çıxışları qarşısında ürəyim dağa dönür. Azərbaycan Səfəvilər dövlətindən bəri sərhədlərini genişləndirməmiş və itirdiyi torpaqları geri ala bilməmişdi. Heç kəs inanmazdı ki, 500 il sonra Azərbaycan tarixi torpaqlarını cəmi 44 gün ərzində geri alacaq və sonsuzadək bu torpaqların tək sahibi olacaq. Şah İsmayıl Xətaidən sonra adını qızıl hərflərlə türk tarixinə yazan, dediyi hər bir kəlmənin arxasında dimdik duran İlham Əliyevə bir də “Təbriz Azərbaycandır və nida” ifadəsi çox yaraşar!
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zümrüd Kərimova İsmayılova