Azərbaycanda son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir

Azərbaycanda son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir Prezident İlham Əliyev cari ilin 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxış edib. Çıxış zamanı Prezident İlham Əliyev müxtəlif ümidverici perspektivlər haqqında danışılıb. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək. Azərbaycanda son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaqdır. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Şirvan kanalının da əhəmiyyəti göz önündə olacaqdır. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaqdır. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görəcək. Qarabağ kanalının inşası gələn il başlayır. Qarabağ kanalı 115 min hektarı əhatə edəcəkdir. İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq var, o cümlədən Azərbaycanda. Bu il kifayət qədər qar, yağış yağmışdır və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Buna görə də çaylarda suyun səviyyəsi az olurdu.
Suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır.

Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
direktoru Kəmalə Məmmədova

Oxşar xəbərlər