Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır Heç kimə sirr deyil ki, Azərbaycan artıq uzun illərdir ki, Beynəlxalq konfransların, tədbirlərin keçirildiyi ölkəyə çevrilib. Belə bir tədbir 2024-cü il martın 1-də fəaliyyətə başlayıb. Martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası açılıb. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət qatılıb. Prezident İlham Əliyev açılış mərasimində Azərbaycanın beynəlxalq energetika tərəfdaşlığı çərçivəsində öz öhdəliklərinə sadiqliyini və Avropaya karbohidrat və yaşıl enerji tədarükü layihələrini inkişaf etdirməyə hazır olduğunu təsdiq edib. “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəğə baxış” sessiyasında SOCAR, BP, Azərbaycan Qaz Təchizatı Şirkəti, TANAP, TAP, ADNOC, Asiya İnkişaf Bankı və Dünya Bankının nümayəndələri çıxış edibləR.“COP29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” üzrə sessiyada isə BOEMDA, CESI, SOCAR, Qazaxıstan Bərpa Olunan Enerji Mənbələrinə Dəstək Hesablama və Maliyyə Mərkəzi MMC, “Masdar”, bp, “ACWA Power” “Fortescue Future Industries”, “WindEurope”, “SolarPower Europe”, TotalEnergies, Hydrogen Europe, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Avropa İnvestisiya Bankı, IFC, Asiya İnkişaf Bankı və Dünya Bankının yaşıl enerjiyə keçid, enerji keçidi üzrə investisiya və bazar perspektivləri, bərpa olunan enerji sahəsində həyata keçirilən layihələrlə bağlı təqdimatları dinlənilib. İlk dəfə Məşvərət Şurasının iclasına qatılan BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei isə çıxışında bunları deyib: “Bizim Azərbaycanla strateji tərəfdaşlığımız var və biz həmişə enerji təhlükəsizliyi, əlçatanlıq və iqtisadi artıma diqqət yetirməklə rifah və qarşılıqlı artımın ümumi vizyonunu əks etdirən əməkdaşlıq üçün yeni yollar araşdırırıq”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib. Prezident İlham Əliyev: Bilirsiniz ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir. Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq. Qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək. Azərbaycan əhalisi Prezident İlham Əliyevin bu çıxışını da böyük rəğbət və razılıq hissi ilə qəbul etdi.

Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
tarix müəllimi Asif Hüseynov


Oxşar xəbərlər