Ermənilər əgər sülh istəyirlərsə... - GƏLİŞMƏ

Ermənilər əgər sülh istəyirlərsə... - GƏLİŞMƏ Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə Konstitusiyaya dəyişiklikdən danışdı. Baş nazir vurğuladı ki, bu barədə alınmış qərar Bakının təzyiqləri ilə bağlı deyil. Paşinyanın sözlərinə görə, mövcud konstitusiya və müstəqillik bəyannaməsi ilə qalıcı sülh mümkün deyil və belə məqamda müharibə riski qalmaqdadır. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşündə demişdi ki, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlət başçısı vurğulamışdı ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, Paşinyan Konstitusiya dəyişikliyi ilə bağlı bütün iddialara son qoydu. Ekspert vurğulayıb ki, son günlər Ermənistan rəsmilərinin bu məsələdə fərqli, bir-birinə zidd açıqlamaları gündəməə gəlirdi:
"Məsələn, parlament sədri Alen Simonyan Konstitusiya dəyişikliyindən danışır, buna ciddi ehtiyac olduğunu söyləyir, amma digər erməni rəsmisi bu məsələnin müzakirə predmeti olmadığını iddia edirdi. Müxalifətlə yanaşı, iqtidar düşərgəsində də Paşinyan "Konstitusiya dəyişikliyi" fikirlərinə qarşı çıxırdılar. Həmçinin vurğulayırdılar ki, konstitusiyanın preambula hissəsi dəyişməyəcək. Halbuki həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları, qondarma "soyqırım" məsələsi konstitusiyanın məhz preambula hissəsində yer almaqdadır. Yəni preambulada dəyişiklik olmadan Azərbaycan-Ermənistan arasında sülh və qonşularla normal əməkdaşlıq qeyri-mümkündür".

Həmsöhbətimizin qənaətincə, Paşinyanın çıxışından belə başa düşülür ki, baş nazir də bu düşüncədədir:
"Baş nazir açıq bəyan edir ki, mövcud ali qanunnamə sülhün əleyhinədir. Həqiqətən də, qalıcı sülh üçün Ermənistan konstitusiyası dəyişməli, qeyd edilən məqamlar mütləq çıxarılmalıdır. Əks halda sülh sənədinə imza atılsa belə sabah başqa hökumət sazişi "konstitusiyaya zidd olmaq" bəhanəsi ilə ləğv edə bilər. Azərbaycan tərəfi tələb etməsəydi belə, İrəvan hökuməti özü bunu həyata keçirməlidir".

Oxşar xəbərlər