Hər il 31 dekabr günü Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur. Bu gün digər bayramlardan, özəl günlərdən seçilən bir gündür, çünkü bugün bütün dünyadakı soydaşlarımızın ürəyində Azərbaycan sevdası çiçək açır. Bu günün seçilməsi təsadüfü olmamışdır. XX əsrin 80-ci illərində baş verən mürəkkəb siyasi proseslərin fonunda Azərbaycan xalqı öz tarixinə silinməz iz qoyan hadisələrə imza atdı. 1989-cu il 31 dekabr günündə Arazın hər iki sahilində sərhəd yürüşü edən Azərbaycan xalqı özləri də bilmədən böyük bir tarixi hadisənin səbəbkarlarına çevrildilər. Vətən, qardaş, soydaş sevgisi Arazın o tayı ilə bu tayını bir amala xidmət etməyə məcbur etmişdi. Həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı səsləndirən həmvətənlər dünyaya azərbaycanlıların bir millət olduğunu bəyan edərək bir vaxt yad əllərlə parçalanan bu vətəni birləşdirməyə cəhd etdilər. Məşhur filmdə deyildiyi kimi “ Arazın o tayı da bu tayı da Azərbaycandır”. Keçən illər ərzində Arazın nə o tayı, nə də bu tayı bunu heç vaxt unutmayıb. Son zaman hadisələr bunu bir daha göstərdi. II Qarabağ müharibəsi zamanı Arazın o tayında Azərbaycan əsgərini, bayrağını görən soydaşlarımızın sevinc gözyaşlarını da, Azərbaycana verdikləri dəstəyi də unutmamışıq. Bilirik ki, bu çoxlarını qorxudur. Məhz bu səbəbdəndir ki, çirkin əməllərə əl atmaqdan belə çəkinmirlər, ancaq onu unudurlar ki, bu xalq bunu bir dəfə edibsə bir daha edə bilər. Arazın bu tayı o tayını səsləyə bilər...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar bu tarixi hadisəyə verilən layiqli qiymətdir. Hər bir azərbaycanlı üçün inam və ümid anı olan Həmrəylik günü birləşmək istəyinin simvolu kimi Azərbaycan tarixinin ən önəmli parçasına çevrilmişdir. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu olan Ulu Öndər Heydər Əliyev hər zaman həmvətənlərimizin təşkilatlanması, bir ideya ətrafında birləşməsi üçün çalışmış, getdiyi hər yerdə bu amal uğrunda fəaliyyət göstərmişdir. 2001-ci ildən başlayaraq keçirilən Dünya azərbaycanlılarının Həmrəylik günü bu istiqamətdə atılmış uğurlu addımlardan ən önəmlisidir. Hər beş ildən bir keçirilən bu günün 2022-ci ildə Şuşada keçirilməsi xüsusi bir tarixi hadisəyə çevrilmişdir. Dünya azərbaycanlılarının həmrəylik günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində ən önəmli simvolik amildir. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan müstəqil, suveren Azərbaycan və onun uğurlarıdır. Harada olmasından, kim olmasından asılı olmayaraq hər bir azərbaycanlı vətənin xoş gününə sevinir, pis günündə kədərlənir. Yaxın tariximizin ən böyük uğuru olan II Qarabağ müharibəsi keçən illər ərzində azərbaycançılıq ideyasının daha dərin məna qazandığını, Azərbaycan xalqının bir millət kimi özünü dərk ediyini sübut etdi. Qədim tarixə malik xalqımız çox facilərlə üzləşib, bu faciələr bizi əzzəsədə üzə bilməyib. Biz varıq... Bu varlığımızı bu yolda canından keçən, vətənini, millətini öz şəxsi maraqlarından öndə tutan şəxslərə borcluyuq. Bu gün Azərbaycanın adı ən yüksək arenalarda səslənir, Azərbaycan hər gün müxtəlif layihələrə əsas söz sahibi kimi daxil olur. İnanırıq ki, bunlar böyük uğurların kiçik başlanğıclarıdır.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən Heydər Əliyev Azərbaycan xalqına azərbaycançılığı miras olaraq qoymuşdur.
Yaşa əziz vətən! Var ol! Sənin varlığın bizim qürurumuz, fəxrimiz, kimliyimizdir. Sən varsansa bizdə varıq, hər harada olsaqda ürəyimiz Azərbaycanda döyünür, çünkü damarlarımızda babalarmızdan bizə yadigar məmləkət sevgisi axır. Bu sevgi yaşadır bu ulu vətəni...Bu sevgimiz əbədi, birliyimiz daimi olsun!!!
Balaxanı qəsəbəsi, 69 saylı məktəbin
tarix müəlliməsi Xəyalə Əsgərli