Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etdirməkdədir. Ölkəmizin Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən nüfuzlu dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır.
Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir.
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu gün Serbiya-Azərbaycan əlaqələrinin inkişafında çox gözəl və əlamətdar bir gündür: “Bu gün bizim tariximizdə dostluq günü kimi qalacaqdır. Bu gün Belqradın gözəl guşələrindən birində iki xalqın görkəmli şəxsiyyətlərinin şərəfinə abidələr ucaldılıb. Bu dostluq rəmzi əminəm ki, hər iki xalqın qəlbində gözəl əks-səda verəcəkdir. Serb xalqının böyük oğlu, filosof və yazıçı Milorad Paviçin abidəsi, Azərbaycan xalqının böyük oğlu, dövlət xadimi, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin abidəsi bir-birinin yanında iki qədim xalqın dostluq rəmzinə çevrilib”.
“Biz strateji tərəfdaşıq. Çünki strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımız səkkiz ölkəyə ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəkdir.
Azərbaycan uğurlu xarici siyasəti nəticəsində bütün ölkələrlə, güc mərkəzləri ilə səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurub və zaman keçdikcə əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilir. Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum effektiv şəkildə icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır.2021-ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir.
Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Sevda Abbasova