Cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar Azad seçki fəaliyyəti bəşər tarixinin nailiyyətləri sırasında xüsusi yerə malikdir. Müasir, hüquqi, demokratik dövlətin, xalqın iradəsinə əsaslanan orqanların və səmərəli özünütəşkil mexanizmlərinə malik cəmiyyətin mövcudluğunun təməli azad və ədalətli seçkilərdir. Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də Azərbaycana növbədənkənar Prezident seçkilərinin elan edilməsi qərara alındı. Azərbaycan tarixində birinci dəfə növbədənkənar Prezident seçkiləri təyin edilirdi. Ölkənin dinamik tərəqqisi yolunda yeni bir mərhələnin başlanğıcını qoyan bu seçkilər, respublikamızda demokratik siyasi sistemin və liberal cəmiyyətin dərin kök saldığını bir daha nümayiş etdirdi. İndiyə qədər ölkəmizdə keçirilmiş prezident, parlament, bələdiyyə seçkiləri, ümumxalq səsvermələrinin təcrübəsi göstərir ki, Azərbaycanda əhalinin seçki mədəniyyəti kifayət qədər yüksəlmiş, effektiv ictimai nəzarəti təşkil etməyi bacaran, məsuliyyətli və tələbkar seçici nəsli yetişmişdir.
Növbədənkənar Prezident seçkiləri də məhz belə şəraitdə keçirilmiş, xalqın iradəsini dolğunluqla əks etdirmişdir. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasında daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.
Cənab İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 15 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapmışdır.
15 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoymuşdur. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır.
2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Bu isə müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi deməkdir. Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxmışdır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət vermişdir. Davos Forumunun "İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlmişdir. Keçən dövr ərzində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirmişdir. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq ölkəmizin xarici siyasət strategiyasının əsas prinsiplərindən birini təşkil etmişdir. Beynəlxalq aləmlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq, geostrateji maraqların reallaşması, terrorizmlə mübarizə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşayışının təmin olunması istiqamətində uzaqgörən xarici siyasət həyata keçirilmişdir.
2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir. Azərbaycan enerji resurslarının dünya bazarlarına səmərəli və əlverişli yollarla çıxarılmasını nəzərdə tutan inkişafyönümlü siyasət həyata keçirir. Bütün bunlar ölkəmizlə dünya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi və ilk növbədə Azərbaycanın geoiqtisadi maraqlarının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Və elə bu siyasətin məntiqi nəticəsidir ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. 2003-2018-ci illər həqiqətən gözlə görüləcək qarşısıalınmaz inkişafın, bu inkişafın davamında gələn rifahın, xalq- hakimiyyət birliyinin ən bariz nümunəsi kimi tarixə həkk olunmuşdur. Prezident İlham Əliyev bu sözündə nə qədər uzaqgörən və haqlıdır.
Maştağa qəsəbəsi, 255 nömrəli məktəbin
ibtidai sinif müəllimi Vüsalə Əliyeva