Azərbaycanın dilbər guşələrindən olan Zəngilan şəhəri Respublikamızın dağətiyi ərazisində yerləşir. Qədim Zəngəzurumuzun bu dilbər guşəsi olan Zəngilan çox bərəkətli torpağa malik olan bir diyardır, gözəl meşələri, təbii sərvətləri, filiz yataqları, çayları və dünyada ikinci, Avropada birinci olan təbii çinar meşələri vardır. Zəngilan qızıl ehtiyatına görə Kəlbəcərdən sonra ölkəmizdə ikinci yerdədir.
Bu rayonun ərazisində bir neçə dəyərli metal yatağı da vardır. Təbii ki, diger bölgələrimiz kimi belə bir gözəl diyarımız da mənfur erməni daşnaqlarının nəzərindən yayınmamışdır. Zəngilan rayonunun əhalisi 1993-cü ildə oktyabr ayında ermənilərin vəhşi hücumuna məruz qalaraq 67 gün mühasirə şəraitində ermənilərlə vuruşmuş 235 nəfər şəhid vermişdir.
Uzun fasilədən sonra Cənab Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuz tərəfindən şəhidlərimizin qanı bahasına Zəngilan torpaqları Vətənə qaytarıldı. Şanlı Ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz üç il bundan əvvəl işğalçılardan azad etdi və beləliklə, 27 illik işğala son qoyuldu. . Hər birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu. Onların sevincini heç bir sözlə ifadə etmək olmur.
Artıq Zəngilanda yeni həyat başlayır. Zəngilanın təbii gözəlliyi nəzərə alınaraq müasir, çox gözəl şəhər və kəndlər qurulur. İlk dəfə “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir.
Zəngəzur dəhlizi vasitəsilə Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Rəmalə Ağayeva