Zəngilan iqtisadi potensialı ilə bölgənin inkişafına töhfə verəcək

Zəngilan iqtisadi potensialı ilə bölgənin inkişafına töhfə verəcək Zəngilanın işğaldan azad olunması Azərbaycan Ordusunun şücaəti, əzmi sayəsində mümkün olmuşdur. Şəhər uğrunda gedən döyüşlərdə şəhərin özü ilə yanaşı 4 qəsəbəsi və 49 kəndi işğaldan azad olunmuş, Mincivan qəsəbəsinin azad olunması ilə Azərbaycan - İran sərhədi bərpa olunmuşdur. Bu gün bu sərhədin qorunması Sərhəd qoşunlarımız vasitəsilə həyata keçirilir. Zəngilanla əlaqədar xüsusi olaraq vurğulamaq istədiyim nüanslardan biri də budur ki, Azərbaycan öz gücü hesabına Zəngilan şəhərini işğalçılardan təmizləməklə 12 noyabr 1993-cü il tarixdə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan 884 saylı qətnaməni özü icra etmiş oldu. Bununla da 27 il kağız üzərində qalan ədalətnəhayət ölkəmiz tərəfindən bərpa olundu.
Zəngilan şəhəri Füzulinin azad olunmasından cəmi 3 gün sonra azad edildi. Zəngilanın azadlığından beş gün sonra isə Qubadlı şəhəri azad olundu. Bu qədər qısa müddətdə Ordumuzun belə sürətlə irəliləməsi və üç böyük şəhərimizi azad etməsi əlbəttə ki, təqdirə layiqdir. Bu onun sübutudur ki, Azərbaycan Ordusu əzəli torpaqları naminə qətiyyətlə, əzmlə, yorulmadan irəliləmiş düşməni qaçmağa, təslim olmağa, geri çəkilməyə məcbur etmişdir. Zəngilanın timsalında Azərbaycan əsgərinin, zabitinin gücü, vətənpərvərlik, cəsurluq, mərdlik nümunəsi bir daha ortaya qoyulmuşdur.
Yaxın günlərdə Zəngilanda daha bir vacib layihənin açılışı reallaşacaqdır. Belə ki, işğaldan azad olunmuş torpaqlarımızda ikinci Beynəlxalq Hava Limanı olan Zəngilan Beynəlxalq Hava Limanının açılışının Türkiyə və Azərbaycan liderlərinin iştirakı ilə reallaşması gözlənilir. Xatırlatmaq istərdim ki, aeroportun təməlqoyma mərasimi 2021-ci ilin aprel ayında keçirilmişdi. Şübhəsiz ki, hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün xüsusi imkanlar yaradacaqdır. Beləliklə, uzun illər işğal altında qalan torpaqlarımız artıq bərpa edilir və yenidən qurulur. İnanırıq ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zərgəzurun hər bir nöqtəsinə həyat yenidən qayıdacaq və doğma yurdumuz köhnə əzəmətli günlərinə qovuşacaq.
Alidə Aslanova – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi


Oxşar xəbərlər