Qarabağdakı `3 məchul`: Xankəndi, Xocalı, Xocavənd... - son nöqtəni ORDU QOYUR

Qarabağdakı `3 məchul`: Xankəndi, Xocalı, Xocavənd... - son nöqtəni ORDU QOYUR Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edir:

- Azərbaycan ordusunun Xankəndi və ətrafında mümkün “Qisas-3” əməliyyatı bir neçə gündür Ermənistanın gündəmindədir. Siz hər iki ölkənin mediasında aktiv müzakirə olunan bu məsələ ilə bağlı nə düşünürsünüz?

- Növbəti əməliyyatın Xankəndidə olacağı ehtimalı çox yüksəkdir. Ermənilər, daha doğrusu, separatçılar Azərbaycanı bu əməliyyatları keçirməyə vadar edir. Sanki tələsirlər ki, canlarını Qarabağ bəlasından tez qurtarsınlar. Özləri də anlayırlar ki, qatar gedib. İndi qızışdırıcı mövqedə dururlar ki, Azərbaycan buna reaksiya versin. Üç il əvvəl Paşinyanın Şuşada etdiyi hərəkətləri təkrarlamağa çalışırlar ki, Azərbaycanı buna sövq eləsinlər. Azərbaycan bu məsələni beynəlxalq hüquq müstəvisində də çözməyə hazırdır. Ümumilikdə isə görünən odur ki, istənilən vaxt əməliyyatlar başlaya bilər. Hansısa ölkə buna görə bizə nə bir söz deyə, nə də öz iddiasını irəli sürə bilər. Bu, Azərbaycanın daxili işidir.

Bəli, buna hazırıq. Əslində, Azərbaycan üç ildir – müharibədən sonra buna hazırlıq görürdü. Artıq yetişib.

- Hazırda Rusiya sülhməramlılarının bölgədə olduğunu nəzərə alsaq, mümkün əməliyyata rusların yanaşması necə ola bilər?

- Əlbəttə, ruslar mənfi yanaşacaqlar, bunun əksini gözləməyə də dəyməz. Çünki bu separatçı oyunların hamısının arxasında Rusiya durur. Rejissorları da, baş rol ifaçıları da ermənilərlə birlikdə özləridir. Əməliyyat başlamamışdan əvvəl Azərbaycan mediasında bu məsələni ciddi qaldırmaq lazımdır. Azərbaycan təcili parlament səviyyəsində Qarabağdakı Rusiya sülhməramlılarının çıxarılması məsələsini müzakirəyə qoymalıdır. Bunun başqa yolu yoxdur.

Beynəlxalq hüquqa görə də, Rusiya sülhməramlıları Azərbaycan ərazisinə BMT-nin mandatı ilə gəlməyiblər. Biz bunu tələb etsək, burada beynəlxalq hüququn hansısa qaydası pozulmur. Görünən budur ki, Azərbaycan bu məsələlərə hazırdır. Amma biz o məsələni qaldırmalıyıq ki, biz rus sülhməramlılarının Qarabağdan çıxmasını istəyirik. İndidən bu məsələ qoyulmalıdır ki, rus sülhməramlıları ilin axırına qədər Azərbaycanı tərk etsinlər.

- Baş separatçı Araik Arutyunyanın Rusiya Prezidenti Vladimir Putinə məktub yazdığı deyilir. Rusiya liderinin separatçıya cavabı olacaqmı?

- Bu dəqiqə Putin elə bir vəziyyətdə deyil ki, Arutyunyanı dəstəkləsin. Əslində, bu, Ermənistan mediasının Azərbaycanın nəbzini yoxlamaq üçün gündəmə gətirdiyi bir məsələdir. Bəlkə də o məktub yoxdur, xəyali bir məktubdur. Olsa da belə, bunun hüquqi gücü yoxdur. Çünki “Dağlıq Qarabağ” adlı bir anlayış mövcud deyil. Olmayan bir şeyin “başçı”sı necə olsun?

- Separatçılar onu da iddia edirlər ki, Ermənistan rəsmiləri, həmçinin Baş nazir Nikol Paşinyan artıq onların telefon zənglərinə cavab vermirlər. Bəs bu iddia nə qədər doğru ola bilər?

- Bu ehtimal düzdür. Çünki Paşinyan nə Xankəndidəki separatçıları eşitmək, nə də onların zənglərinə cavab vermək istəyir. Paşinyanın özü də gözəl bilir ki, belə məsələlər onun özünə də ziyandır.

- ABŞ-ın Ermənistandakı səfiri Kristina Quindən maraqlı açıqlama gəldi. O bildirdi ki, ABŞ ermənilərin Azərbaycanın tərkibində təhlükəsiz yaşayacağına inanır. Amerikalı diplomatın açıqlaması Ermənistanda və separatçılar arasında "rezonans" doğurub. Sizcə, indiyədək Qarabağ məsələsi ilə bağlı ziddiyyətli mövqe tutan ABŞ indi niyə birdən-birə Azərbaycanın haqlı mövqeyini dəstəkləmək qərarına gəlib?

- Əslində, bu, birdən-birə olmadı. ABŞ son zamanlarda həm Azərbaycan, həm də Ermənistan tərəfini araşdırırdı. Gördü ki, Azərbaycan bu məsələdə haqlıdır. İkincisi, ABŞ-ın burada Qafqaz marağı var. Rusiyanı buradan sıxışdırıb çıxarmağa çalışır. Ona görə də, ABŞ-ın verdiyi qərar düzgündür və ən ağıllı qərardır.

- Bəs Rusiyanı bölgədən çıxarmaq üçün münbit zəmin yaranıbmı?

- Ən azı Rusiyanı Qarabağdan çıxarmaq üçün Azərbaycanın bütün hüquqları var. Rusiya sülhməramlıları üçtərəfli bəyanatın (10 noyabr) bəndlərini icra etməyiblər. I, IV və IX bəndlər indiyədək yerinə yetirilməyib. Ruslar üzərlərinə götürdükləri öhdəliklərinə yerinə yetirmədiklərinə görə, Azərbaycan beynəlxalq hüquq müstəvisində bu missiyadan imtina edə bilər. Buna görə “yeni Amerika” kəşf etməyə ehtiyac yoxdur.

- Xarici işlər nazirlərinin son iki ayda ABŞ-da iki görüşü keçirildi. Hər görüşdən sonra dövlət katibi Entoni Blinken irəliləyişin olduğunu dedi. Sizcə, söhbət hansı istiqamətlər üzrə irəliləyişdən gedir?

- ABŞ Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü beş prinsipi qəbul edib. Bu, BMT-nin prinsipləridir. Buna görə də Ermənistanın hüquqi cəhətdən Azərbaycana təzyiq etmək imkanları yoxdur. ABŞ da bunu gördü. Bu baxımdan, Vaşinqtondakı son müzakirələr Azərbaycanın siyasi qələbəsi hesab olunmalıdır.

- Bəs liderlərin qarşıdakı Brüssel görüşündən gözləntiniz necədir? Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığını bəyan edən Nikol Paşinyan həmin görüşdə bu sözünün altından imzasını ata bilərmi?

- Paşinyanın ayrı çıxış yolu yoxdur. Onu hakimiyyətə gətirən Qərbdir. Amerikanın tapşırıqlarını icra elməsə, Qərbin özü Paşinyanı yıxacaq. Hakimiyyət də şirin bir şeydir, Paşinyan da onu itirmək istəmir.

Paşinyan baş nazir olmadığı dönəmdə Azərbaycanın mövqeyindən çıxış edirdi, Sərkisyanı tənqid edirdi, Qarabağla bağlı da tamam ayrı mövqedə idi. İndi hakimiyyət və imkanlar əlindədir, demək, hər şeyi dəyişməlidir.

Oxşar xəbərlər