Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin ,məsuliyyətli bir işdir

Müstəqilliyin  əldə  edilməsi  mürəkkəb  bir proses  olsa  da   onu                                 qoruyub  saxlamaq   daha  çətin ,məsuliyyətli bir  işdir
Müstəqillik bütün xalqlar üçün ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmiş, bu yolda minlərlə şəhid vermişik. Qüdrətli və möhkəm dövlət olmaq üçün hökmən azadlıq və müstəqilliyin olması əsas şərtdir.
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Başına gələn bütün bəlalara dözən, hər bir sınaqdan üzüağ çıxan Azərbaycan bu günə qədər iki dəfə müstəqillik əldə etmək şansı qazanmışdır. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci dəfə müstəqil olma şansı bir də 70 il sonra yarandı. Daha dəqiq desək, Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz müstəqilliyini bərpa etmək imkanı yaratdı.
Müstəqilliyini elan edən Azərbaycan Respublikası çox mürəkkəb bir dövr keçdi. Onun müstəqilliyini ilk dəfə olaraq bugünkü gündə də daim yanımızda olmaqla qardaşlığını sübut edən Türkiyə tanımışdır. 1991-ci il 9 noyabrda Azərbaycan Respublikasının dövlət müstəqilliyini rəsmən tanıyan qardaş Türkiyə bu günə kimi həmişə Azərbaycan xalqının yanında olmuşdur. Daha sonra Rumıniya, Pakistan, İsveçrə, İran, Rusiya və başqa dövlətlər də müstəqilliyimizi tanıdılar. Lakin müstəqilliyini qazandıqdan iki il sonra yenidən onu itirmək təhlükəsi ilə qarşılaşan xalqımız həyəcanlı günlər keçirdi. Bir tərəfdən erməni təcavüzkarlarının hücumu, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yürütdükləri səhv siyasət, daxildə gedən çəkişmələr müstəqilliyimizin beşiyindəcə boğulması təhlükəsini yaxınlaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə xalqın təkidi ilə qayıtması bu təhlükəni yox etdi.
Bu gün Azərbaycan müstəqildir, dünya dövlətləri sırasında qürurla öz inkişafını nümayiş etdirir, həm siyasi, həm də iqtisadi baxımdan dünyanın qüdrətli dövlətləri siyahısındadır. Bəli, tarix boyu Azərbaycan ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxmışdır. Bu gün də Qarabağ müharibəsində düşmənə endirdiyimiz "dəmir yumruq" buna əyani sübutdur. Ölkə başçısı cənab İlham Əliyevin qətiyyəti xalqın özünə olan inamını geri qaytardı. Şübhə yoxdur ki, torpaqlarını işğaldan azad etmiş xalqımız bundan sonra müstəqilliyini daha da möhkəmləndirəcək, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri aparacaq, sülh və əmin-amanlıq şəraitində yaşamağa davam edəcəkdir
Bakıxanov qəsəbəsi, 96 saylı tam orta məktəbin
biologiya müəllimi Afaq Əhmədova

Oxşar xəbərlər