Tariximiz azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir

Tariximiz azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir
Biz bir xalq, millət olaraq azadlığımız, müstəqilliyimiz uğrunda illərlə mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək, qurmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər məsuliyyətlidir, ağırdır. Müstəqil dövləti olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi də əldə saxlamaq mümkünsüzdür.
Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan daim torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizə aparıb. Çünki bir millətin qazana biləcəyi nailiyyətlər yalnız müstəqil dövlətə malik olduqda mümkündür.
Tariximiz azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz bu yolda minlərlə şəhid verib. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edib. Müsəlman Şərqinin və Türk dünyasının ilk cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınıb, müstəqil dövlətin təsisatları yaradılıb. Mövcud olduğu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin edib. Daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışıb.
1918-ci ildə müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət quran Azərbaycanın dövlət müstəqilliyinə rus imperiyası 1920-ci ildə son qoydu. Bu müstəqillik uzun sürmədi. Tarix üçün çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın yaddaşında tarixləşdi. Mövcud olduğu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmiş, daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışmışdır.
Cümhuriyyətin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və s. sahələrdə atdığı addımları davam və bərpa etdirmək uğrunda mübarizə qətiyyətlə davam etdi.
1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi mövcudluğunu yenidən dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi.
Bu tarixdən artıq 32 il keçir. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə misli görünməmiş inkişafa, tərəqqiyə nail olsa da, əldə edilən uğurlar asanlıqla başa gəlmədi. Müstəqilliyimizin ilk illərində xalqımız, sözün həqiqi mənasında, ağır, məşəqqətli günlər yaşadı. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə başlayan münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırdı və elan edilmədən başlayan müharibəyə səbəb oldu. Dağlıq Qarabağ, həmçinin sərhədyanı rayonlar ermənilər tərəfindən işğal olundu. Azərbaycan bir tərəfdən müstəqilliyimizin başı üstünü almış real təhlükəni sovuşdurmaq, digər tərəfdən torpaqlarımızı müdafiə etmək, ölkəmizin ərazi bütövlüyünü qorumaq, işğal olunmuş torpaqlarımızı azad etmək kimi tarixi bir sınaqla üzləşmişdi.
Dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda respublikamızın o zamankı rəhbərləri belə vacib taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdi. Belə bir şəraitdə xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi tələb etdi.
Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Azərbaycan daxilində yaranan nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlandı ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gerçəkliyinə çevrilib. Ulu Öndərin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var...

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
müəllimi Ceyhun Sadizadə




Oxşar xəbərlər