Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Qazaxıstan Respublikasında rəsmi səfərdə olub. Görüşdən sonra Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda bildirib ki, Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir.
Prezident İlham Əliyev deyib ki, Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.
Prezident İlham Əliyev qeyd edib ki, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edirlər.
Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində çıxış edərkən Azərbaycan Prezidenti bildirib ki, Ulu Öndər müasir müstəqil Azərbaycanın ən çətin dövründə xalq tərəfindən dəvət edildi və ən ağır dövrdə ölkəyə rəhbərlik etdi. Heydər Əliyev haqqında danışarkən onun Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü də xatırlamamaq olmaz, bu dövr də quruculuq, inkişaf dövrü idi. Ötən əsrin 60-cı illərinin sonundan 80-ci illərin əvvəlinə qədər Azərbaycan onun rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qabaqcıl mövqelərə çıxmışdır.
“Ulu Öndərin əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Bu gün, Ulu Öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb. Ulu Öndər Heydər Əliyev türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq” – deyə Prezident İlham Əliyev bildirib.
Prezident İlham Əliyevin bu səfəri və əldə olunmuş nəticələr həm Qazaxıstanla Azərbaycan arasında, həm də bütövlükdə türk dünyası daxilində əməkdaşlığın genişlənəcəyini və əməli nəticələr əldə olunacağını vəd edir.
Kürdəxanı qəsəbəsi,113 nömrəli tam orta
məktəbin direktoru Gültəkin Rüstəmova