Türkiyə bizim üçün qardaş ölkədir. Dərdi dərdimiz, kədəri kədərimizdir. Hələ 1918-ci ildə ən çətin vaxtlarında belə Osmanlı əsgərləri Azərbaycana gələrək Bakının işğaldan azad edilməsində iştirak etdilər. Vətən müharibəsində də ölkəmizə mənəvi, siyasi dəstək nümayiş etdirdilər və tarixi qələbə əldə edildi. İşğalda olan torpaqlarımız azad olundu. İndi bizə həmişə ən çətin günümüzdə yardım əlini uzadan,yanımızda olan ölkə tarixinin ən böyük təbii fəlakətlərindən biri ilə üzləşib. Dünyanın 100-ə yaxın ölkəsi Türkiyəyə öz yardımını təklif edib. Digər vaxtlarda olduğu kimi bu dəfə də Azərbaycan hamıdan tez hərəkət etdi. Prezident İlham Əliyevin tapşırığına əsasən FHN -nin ilk qrupu dərhal qardaş ölkəyə yola düşdü.7,7 bal gücündə olan zəlzələnin yerlə yeksan etdiyi ərazilərdə axtarış xilasetmə işlərinə başlanıldı.
Gecə-gündüz demədən 24 saat yerlə bir olmuş binalarda bir ümid, canlı nəfəs axtardılar. Yoruldular amma dayanmadılar. Əslində belə də olmalı idi. Qardaşın qardaşa köməyi başqa cür də ola bilməzdi.
Türkiyədə bu işlər görülərkən Azərbaycan xalqı da burada bir ürək oldu. Böyüyündən balacasına kimi hər kəs bacardığı köməkliyi elədi. Babək prospektində başlayan yardım kampaniyası ölkənin 4 bir tərəfinə yayıldı. Köhnə avtomobili ilə Xırdalan qəsəbəsindən yola çıxan Sərvər Bəşirli yardımı çatdırıb evinə qayıdarkən günün qəhrəmana çevrildi. "Maşına yox ürəyinə baxın" şəkilində şərhlər yazıldı, müxtəlif sosial şəbəkələrdə paylaşımlar edildi. Bu qardaşlığı özündə təcəssüm etdirən bir davranış, hərəkət idi. Dövlət və xalqın ürəyinin bu məsələdə bir döyündüyünün əyani sübutu idi. Sərvər kimi imkanı olanlar Bakıya bacardığı köməkliyi çatdırdı. Bir neçə gün ərzində içərsində geyim və qidalar olan 100-dən çox TIR qardaş ölkəyə Türkiyəyə yola salındı.
Özəl sektorla yanaşı dövlət qurumları da Türkiyəyə yardım üçün səfərbər oldu. Nazirliklər, idarə və müəssisələrdə çalışan işçilər bacardıqları köməklikləri etdilər.Qardaşlarının dərdinə şərik olmağa çalışdılar.
Dövlət başçısının tapşırığına əsasən Bakıda, Naxçıvanda və digər şəhərlərdəki xəstəxanalarda yer ayrıldı. Ehtiyac olarsa bu xəstəxanalarda Türkiyədən gələn yaralıların müalicəsinin təşkil edilə biləcəyi vurğulandı.
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gələrək matəm dəftərini imzaladı, səfirlə söhbət etdi.Qardas ölkənin dərdinə şərik olduğunu ifadə etdi.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyənin zəlzələ bölgəsinə çoxsaylı humanitar yardımlar göndərilib. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırıblar.
Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan və Türkiyə qardaşlığı əbədi və sarsılmazdır.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam ort məktəbin
direktoru Ruhiyyə İbrahimova