Zəlzələlər daim baş vermiş, seysmik ərazidə yerləşən ölkələr üçün böyük təhlükə olmuşdur. Bu təbii fəlakətin ən faciəvi nümunələrindən biri kimi 06.02.2023-cü il tarixində Türkiyə vaxtı ilə 04:17-də başlamış və böyük dağıntılara səbəb olmuş Kahramanmaraş zəlzələsini göstərə bilərik. Ölkə ərazisində 7 günlük matəm elan olunmuş və zəlzələ hiss olunan 10 şəhərdə 3 ay müddətinə fövqəladə vəziyyət elan edilmişdir.
Bu acı hadisə baş verən andan ölkəmiz qardaş ölkəyə dəstək olmağa başlamışdır. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlamışdır. Daha sonra da prezidentlər arasında telefon görüşmələri olmuş, Türkiyədə baş vermiş bu dəhşətli faciədə ölkəmizin və xalqımızın çox sarsıldığını, hər zaman qardaşlarımızın yanında olacağımızı bildirmişdir.
Faciənin ilk günündən ölkəmiz öz dəstəyini əsirgəməmiş çoxsaylı yardımlar etmişdir. Belə ki, bu hadisə baş verən gündən Fövqəladə Hallar Nazirliyi tərəfindən ümumilikdə 725 nəfərlik xilasetmə dəstələri Türkiyəyə göndərilmişdir. Bir çox ölkələrdən yardım dəstələri də Türkiyəyə getmiş və xilasetmə əməliyyatlarına başlamışlar. Xilasetmə qüvvələri ilə yanaşı Azərbaycan tibbi heyəti də zəlzələ bölgəsində zərərçəkmiş insanlara yardım etmək üçün göndərilmişdir. Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilmişdir. Bura müxtəlif dərman preparatları, sarğı ləvazimatları, oksigen maskaları və s. tibbi ləvazimatlar, həmçinin isti geyimlər və çadırlar göndərilmişdir.
Prezidentimizin tapşırığı ilə yardımlar hal hazırda da davam etməkdədir. Bu yardımlarla yanaşı xalq da öz qardaşlarını bu çətin gündə unutmamış, müəyyən toplanma məntəqələrində isti geyimlər, ərzaq məhsulları, isidicilər, çadırlar və s. toplamış və qardaş ölkəyə göndərmişdir. Bu acı hadisələrdən hər bir vətəndaşımız çox təsirlənmiş, əlindən gələni əsərgəməmişdir. Hava şəraitinin çox soyuq olmasına baxmayaraq xalqımız böyük kədər hissi ilə həmin toplanma məntəqələrinə getib, məhsulların paketlənib, göndərilməsində yaxından iştirak ediblər. Həmçinin zəlzələdən zərər çəkmiş əhaliyə yardım etmək məqsədi ilə ölkədəki universitetlər, məktəblər, digər iş yerləri tərəfindən humanitar yardımlar toplanır, maddi və ianə şəklində dəstək göstərilir.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
Coğrafiya müəllimi Pikəxanım Vəliyeva