Zəlzələdə həlak olanların və xəsarət alanların acısı bizim acımızdır

Zəlzələdə həlak olanların və xəsarət alanların acısı bizim acımızdır
Qardaş ölkə Türkiyədə baş verən zəlzələnin nəticələri bütün Azərbaycan xalqını sarsıtdı. Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülür. Hər bir soydaşımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Bu, bizim xalqımızın zəngin milli-mənəvi keyfiyyətlərinin daha bir nümunəsidir. Baş verən zəlzələdə həlak olanların və xəsarət alanların acısı təkcə Türkiyənin deyil, bizim ortaq acımızdır. Biz bunu öz kədərimiz kimi yaşayırıq. Hadisə ilə bağlı Prezident İlham Əliyev qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır:
Belə ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri xilasetmə əməliyyatlarını davam etdirirlər.
Birinci vitse-prezident Mehriban Əliyevanın Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımında da xalqımızın xeyirxah, nəcib keyfiyyətləri xüsusi qeyd olunur. Qardaş ölkəyə yardım daha geniş miqyasda davam edir.
30 il işğal altında olmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında birliyin, həmrəyliyin təntənəsi idi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.
Odur ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycanın ilk olaraq Türkiyənin yanında olması təbiidir. Bir sözlə, bu gün ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə kəlam deyil, gerçəklikdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Tezliklə, Türkiyə bu sınaqdan da üzüağ çıxacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Tanrı hər iki dost, qardaş dövləti baş verəcək biləcək bütün bəlalardan qorusun. Yaşanılan hər bir çətin anda bizə dəstək, dayaq olan qardaş ölkə Türkiyənin sonsuza qədər yanındayıq. Acınız acımız, dərdiniz dərdimizdir. Başın sağ olsun, Türkiyə!

Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
direktoru Səbahət Ağayeva

Oxşar xəbərlər