Azərbaycan bu dar gündə qardaşının köməyinə çatan ilk ölkə oldu

Azərbaycan bu dar gündə  qardaşının köməyinə çatan ilk ölkə oldu
Azərbaycan və Türkiyə bir-birilərinin sevincinə də, acılarına da şərik çıxmaqla hər zaman bütün sınaqlardan üzüağ, şərəflə çıxmağı bacarıb. Biz indi növbəti dəfə təbiətin amansız sınağı ilə üzləşmişik. Qardaş Türkiyənin 10 vilayətində baş vermiş təbii fəlakət nəticəsində minlərlə insanın həlak olması, saysız-hesabsız insanın yaralanması, evsiz-eşiksiz qalması doğrudan da dəhşətli faciədir. Qardaş ölkədə baş verən bu zəlzələ bütün azərbaycanlıları sarsıtdı. Eyni zamanda Azərbaycan Türkiyənin yanında olduğunu sözdə deyil, əməldə ortaya qoydu. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan insanı qardaş ölkəmizin üzləşdiyi dağıdıcı təbii fəlakətə dərhal öz acısı kimi reaksiya verdi. Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım etdi: "Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm”!
Əlbəttə ki, türk qardaşlarımıza yardım kampaniyasının ən fəal iştitakçılarından biri də Heydər Əliyev Fondudur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Fond tərəfindən qardaş ölkəyə dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək, digər tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərilib. Həmçinin, Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Bakı şəhərində yardım kampanyasına start verib. Qeyd edək ki, paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün regionlarında qardaş Türkiyəyə dəstək aksiyaları keçirilir. Azərbaycan xalqı Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkən qardaşlarına kömək üçün sözün əsl mənasında səfərbər olub. Bu məqsədlə, yardım toplama məntəqələrinə axın edən insan izdihamı həqiqi qardaşlığın ən möhtəşəm nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı dövlətimizin başçısını qarşıladı.Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
Prezident İlham Əliyev qeyd edib ki, bu çox böyük bəladır, böyük faciədir. Günahsız insanlar həlak olublar, yaralanıblar. Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə. Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir. Həmçinin Cənab Prezident qeyd edib ki, Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Bu, qardaş xalqımızı sarsıtmayacaq, Türkiyə dövlətinin iradəsinə təsir etməyəcək. Türkiyə dövləti güclü dövlətdir və bu fəlakətlə də mübarizədə öz gücünü göstərir.

Maştağa qəsəbəsi, 28 saylı tam orta məktəbin
tarix müəllimi Həsən Xələfov


Oxşar xəbərlər