Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi

Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi
Sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla dollar vəsait sərf etdiyi, “keçilməz” dediyi nəhəng istehkamları qısa müddətdə şanlı Azərbaycan əsgəri darmadağın etdi. Bir-birinin ardınca şəhər və kəndlərimiz düşmən işğalından azad edildi. 44 gün ərzində Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümayiş etdirdi.
Azərbaycanın Vətən müharibəsində qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Ali Baş Komandan hərbçilərlə görüşərkən müharibə zamanı düşməndən qənimət götürülmüş və məhv edilmiş texnikanın nümayişi üçün planlarının olduğunu vurğuladı. Dekabrın 10-da keçirilən Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirildi. Bununla yanaşı, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması ilə bağlı təşəbbüs irəli sürdü və qısa müddətdə açıq səma altında unikal bir park salındı.
Bu Park İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və qəhrəmanlıq kompleksidir. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan, məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapır.
5 hektar ərazini əhatə edən park Bakı şəhərinin Xətai rayonunda yerləşir. Parkdakı eksponatların arasında Azərbaycan Silahlı Qüvvələrinin azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Düşməndən hərbi qənimət kimi götürülən, Ermənistanın anti-Azərbaycan təbliğatının bir hissəsinə çevirdiyi “İskəndər M” tipli raket sisteminin qalıqlarının da nümayişi olunduğu Park “Dəmir Yumruq” əməliyyatının tarixi əhəmiyyətini bir daha göstərir. Yəqin ki, hər kəs xatırlayır ki, bir vaxtlar erməni dövlət nümayəndələri bu raketlə öyünür və Azərbaycanı təhdid edirdi. İndi isə onun qalıqları Azərbaycanda, paytaxt Bakıda nümayiş olunur.
İkinci Qarabağ Müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.
Təqdim edilən eksponatlar arasında 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, müharibənin gedişatı barədə məlumatlar var.
Hərbi Qənimətlər Parkının hər bir elementi Azərbaycan əsgərinin 44 günlük müharibə zamanı qələbə əldə etmək üçün rəşadət göstərdiyini əks etdirir. Bu mənada, Parkın ərazisindəki qarşı tərəfin özündə 10 elementdən ibarət mühəndis maneələr sistemini ehtiva edən möhkəmləndirilmiş müdafiə mövqeyinin nümayişi xüsusilə vacibdir. Bu ərazi Azərbaycan əsgərinin dəf etməli olduğu maneələri açıq şəkildə nümayiş etdirir. Məhz bunları gördükdən sonra bir daha əmin olursan ki, döyüşü sadəcə yüksək texnologiyaya malik silah-sursat, hərbi texnika ilə qazanmaq olmaz. Döyüş əsgərlər, zabitlər arasında baş verir. Buna görə də Vətən müharibəsində rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə xalqımızın qəhrəmanlıq simvoluna çevrildi. Əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız döyüş meydanlarında əsl vətən övladının igidliyini, cəsarətini, qorxmazlığını göstərdi.
Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından böyük əhəmiyyət kəsb edir. Parka gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycanın qələbəsi ilə bitən döyüşləri bir daha göz önündə canlandırmağa kömək edir.


Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
əməkdaşı Aytən Əzimova


Oxşar xəbərlər