Tarixi qələbəni qazandıqdan sonra xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması sərəncamlarını imzaladı.
Beləliklə,12 aprel 2021-ci ildə Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu və bu hər bir azərbaycanlıya qürur hissi yaşatdı. Parkdakı hər bir eksponat tarixi qələbənin bir parşasına çevrildi. Parkın yaradılması təbii ki, qələbəmizin əbədiləşdirilməsi demək idi. Bura gələn hər kəs bir daha Azərbaycan əsgərinin qəhrəmanlığının, şücaətinin şahidi olmuş olur və olacaq. Park Azərbaycan ordusunun dünya hərb meydanında uğurlu pillədə yer aldığını da sübut edir.
Parkda Ermənistan Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.
Parkın mərkəz hissəsində isə 2mindən çox erməni hərbi texnikasının dövlət nömrə nişanlarından düzəldilmiş “Qarabağ Azərbyacandır” yazısı var.
Ermənistan ordusunun döyüş mövqelərindən gətirilmiş, əsgərlərimizin atıcı silahlardan atdığı güllələrin izlərini özündə saxlayan dəmir mazğallar, uzunmüddətli dəmir-beton atəş nöqtələri parkda qurulmuş mövqelərdə yerləşdirilib. Bu mövqelər 30 il ərzində elə möhkəmləndirilmişdi ki, hətta ağır artilleriya zərbələr ilə dağıtmaq çətin idi. Parka gələn insanlar burada yaradılan qurğuları gördükdən sonra həmin mövqeləri rəşadətli Azərbaycan Ordusunun necə yarması, necə böyük qəhrəmanlıq göstərməsi barədə təsəvvür ala biləcəklər.
Azərbaycana qarşı olduqca məkrli, öz qeyri-insani xislətini gerçək əməllərində büruzə vermiş, işğal etdikləri əraziləri viran qoymuş düşmənin vəhşiliklərini unutmaq olmaz. Hərbi Qənimətlər Parkı da, əslində, son 30 ildə Azərbaycan torpaqlarında barbarlıqlar törətmiş yağını daha yaxşı tanımağa kömək edəcək.
Bakıxanov qəsəbəsi, 96 saylı məktəbin
Ibtidai sinif müəllimi Çiçək Daşdəmirova