Ulu öndər Heydər Əliyevin xalq qarşısındakı tarixi xidmətlərindən biri

Ulu öndər Heydər Əliyevin xalq qarşısındakı tarixi xidmətlərindən biri Hər bir ölkənin tarixində ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələrdən biri də Konstitusiyanın, yəni, dövlətçiliyin və cəmiyyətin fəaliyyətinə hüquqi təminat yaradan əsas qanunlar toplusunun qəbul edilməsidir.
Azərbaycan 20-ci əsrin əvvəllərində öz müstəqilliyinə qovuşdu. Çox qısa dövrdə əsas dövlət atributlarına mənsub olan xalqımız mürəkkəb tarixi şəraitin doğurduğu çətinliklər səbəbindən öz Konstitusiyasını yaratmağa imkan tapmamışdı. 1917-ci ilin sosialist inqilabı isə bir çox millətlər kimi bizim də azadlığımızı əlimizdən aldı. Keçmiş sovetlər dövründə Azərbaycan müttəfiq bir respublika olaraq dörd (1921, 1925 və 1978-ci illərdə) dəfə öz Konstitusiyasını qəbul etsə də, çox təəssüf ki, bu hüquqi sənədlərdə xalqımıza xas olan milli dəyərlər öz əksini tapa bilməmişdi, çünki xalqın iradəsi nəzərə alınmadan hazırlanan qanunlar əsasən Sovet ideologiyası ruhunda yazılırdı. Yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra müasir konstitusiyamıza başlanğıc verən və millətin milliliyini özündə ehtiva edən 1978-ci il Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dilinin respublikada dövlət dili olması qərarı qəbul edildi.
1991-ci ildə Azərbaycan müstəqil dövlətçiliyini yenidən bərpa edə bildi. İlk illərdə dövlətin qeyri-peşəkar siyasətçilər tərəfindən idarə olunması cəmiyyətin bütün sahələrində olduğu kimi, qanunvericilik bazasında da boşluq yaratmışdı. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqın təkidilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində vacib islahatlar həyata keçirildi. 1994-cü ildə Ulu Öndərin sədrliyi ilə Konstitusiya komissiyası yaradıldı, qanunlarımız milli ruhda hazırlandı və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə Azərbaycanın Əsas Qanunu qəbul edildi. Dövlətin fəaliyyətini tənzimləyən belə bir mükəmməl Konstitusiyanın hazırlanması bir həqiqəti də sübut etdi ki, ölkəyə yalnız yüksək idarəçilik təcrübəsi olan siyasi xadimlər rəhbərlik etməyə qadirdir. Ümummilli lider Heydər Əliyev çıxışlarının birində bu tarixi sənədin mahiyyətini təhlil edərək deyirdi: “Biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, bu, ilk, tamamilə sərbəst, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır".
5 bölmə, 12 fəsil və 158 maddə həcmində qəbul edilən Əsas Qanunumuzun əksər hissəsi, daha doğrusu, üçdən biri insan hüquq və azadlıqlarının qorunmasına həsr olunub. Təkcə bu fakta əsaslanıb Azərbaycanın dünyəvi, demokratik və hüquqi dövlət olduğunu söyləmək mümkündür. Əlbəttə, bu mühüm qanunvericilik bazası hazırlanarkən inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi, həmçinin, xalqımıza xas olan humanist dəyərlər nəzərə alınıb. "Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır" ifadəsi dövlətin idarə olunmasında ölkə vətəndaşlarının iradəsinin nəzərə alındığını göstərir. Prezident və parlament seçkilərinin şəffaf və tam demokratik şəraitdə keçirilməsi də Konstitusiyamızda öz əksini tapıb, birmənalı şəkildə qeyd olunub ki, bütün seçkilərdə xalq öz istəyini azad surətdə ifadə etmək hüququna malikdir. Belə humanist dəyərlər əsasında hazırlanan Əsas Qanunumuz müxtəlif beynəlxalq səviyyəli ekspertlər tərəfindən yüksək qiymətləndirilib.
Günümüzdə biz zəfərimizə başlanğıc verən və təməlini özündə ehtiva edən bəndlərə nəzər yetirdikdə görə bilərik ki, Dövlətin təməlinin təcəssümü olan Maddə 1-in Hakimiyyətin mənbəyini xalq elan etməsi Azərbaycan xalqı faktorunun önəmini nümayiş etdiri. Bununla yanaşı Maddə 5 ilə vahid yumruq şəklində birləşmiş xalq, maddə 9 ilə Vətən keşiyində duran və hər an Ali Baş Komandan, Cənab prezident İlham Əliyevin əmrlərinə müntəzir olan silahlı qüvvələr, maddə 11-in I bəndi ilə Azərbaycan Respublikası ərazisinin vahidliyini, toxunulmazlığını və bölünməzliyini, Maddə 76 görə müdafiə etmiş və Azərbaycan xalqının mərd xalq, qəhrəman xalq, qalib xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.
Fikirlərimi ulu öndərin unudulmaz cümlələri ilə bitirmək istəyirəm: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır!”.

Bakıxanov qəsəbəsi, 80 №-li tam orta məktəbin
direktoru Təranə Müzəffərova


Oxşar xəbərlər