Obyektiv siyasi həqiqət

Obyektiv siyasi həqiqət Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən dövlətlərdir. Ötən günlərdə 13 sentyabr tarixində başlanmış təxribat regionumuz üçün “bəla” olan, mənasız “ Böyük Ermənistan” xülyaları ilə hərəkət edən Ermənistanın öz revanşist niyyətindən əl çəkmədiyini bir daha göstərmiş oldu.
Torpaqlarımızın işğalı və 30 ilə yaxın düşmən tapdağında qalması, bu illər ərzində respublikamızın bütövlüyünün bərpası üçün “Böyük dövlətlər” tərəfindən heç bir əsaslı addımın atılmaması, hətta bunun əksinə olaraq Ermənistana aşkar yaxud gizli formada dəstək olunması bütün region və bəşəriyyət üçün təhlükəyə zəmin yaratmış oldu.
Əgər Rusiya Ermənistana havadarlıq etməsə və Qarabağ münaqişəsi haqlı tərəf olaraq torpaqlarımızın bizə qaytarılması ilə həll olunsa idi, yeni münaqişələrin, ağır itkilərlə nəticələnən müharibələrin baş verməsi üçün əsaslar da olmayacaqdı. Amma təəssüf ki, regionda böyük fəsadlara yol açan və davamlı münaqişələrə səbəb olan Ermənistana təzyiq göstərmək əvəzinə onu himayə edənlər oldu və halhazırda da vardır.
Xüsusi olaraq regionda hakim mövqedə olmağa və regionun əlvərişli imkanlarından öz xeyri üçün yararlanmağa çalışan Rusiya, Fransa və ABŞ Ermənistana maddi və siyasi baxımdan həmişə dəstək olmuşdur. Hətta cənub qonşumuz İran belə gələcəkdə Azərbaycanın daha da güclənməsinə imkan verməmək üçün I Qarbağ müharibəsi zamanı Ermənistana manə olmaq əvəzinə ona çoxlu sayda humanitar yardım etmiş, hərbi baxımdan əl tutaraq silahla təmin etmişdir. Bu dövlətlərin haqsız olaraq Ermənistan kimi işğalçı dövlətə dəstəyi Ermənistanın əl-qol açmasına, bitməyən torpaq iddialarının daha da genişlənməsinə və regionda dinclik və sabitliyinin mütəmadi olaraq pozulmasına gətirib çıxarmışdır.
Torpaqlarımızın azadlığı uğrunda gədən “44 günlük” müharbənin gedişində də bu dövlətlərin haqlı tərəf olan Azərbaycana dəstək olmaq, ən azından heç bir müdaxilə etməmək siyasəti əvəzinə Ermənistana siyasi və digər sahələrdə tərəfdar çıxması onların tutdupu obyektiv siyası gerçəkliyi bir daha aşkarca göstərdi.
Hələ Vətən müharibəsi başlamazdan öncə 2019-2020-ci illərdə Ermənistan baş nazirinin önəmli beynəlxalq məclisdə “Qarabağ Ermənistandır və nöqtə!” ifadəsi ilə çıxışı Ermənistan hökumətinin nəinki torpaqlarımızı qaytarmaq niyyətinin olmadığını, hətta yeni torpaq iddialarında olduğunu açıq şəkildə bəyan etdi. Bunun ardınca sərhədlərimizdə ermənilər tərəfindən yeni silahlı təxribatlar törədilməsi uzun illərdir sülh yolu ilə həll olunacağına ümid bəslənilən bu münaqişənin yalnız bir həll yolu olduğunu göstərdi- müharibə yolu.
Bunu da nəzərə almaq lazımdır ki, dünyada güc və söz sahibi olan dövlətlər tərəfindən öz maraqları naminə oyuncaq olaraq istifadə edilən ermənilər təkcə 80-90-cı illərdə və hal-hazırda deyil, ondan öncəki illərdə də əsası olmayan böhtanlara əl ataraq yaratdığı terror təşkilatları vasitəsilə dəfələrlə xalqımıza qarşı qətliam və soyqırımlar törətmişlər.
Erməni vandallığı özünü Vətən müharibəsi zamanı da bir daha açıq-aydın göstərmiş oldu: azad edilmiş ərazilərimizi tərk edərkən hərbi cinayələrlə yanaşı ekoloji, mənəvi terrorlar törətdilər, cəbhədən aralıda yerləşən Tərtərə, Gəncəyə, Daşkəsənə ballistik raketlər ataraq dinc əhalini qətlə yetirdilər. Regiona yalnız və yalnız təhlükə saçan erməni xislətinin dəyişməzliyi bu dövlətə qarşı ciddi sanksiya və tədbirlərin görülməsi zərurətini qaçınılmaz edir.
Həm region üçün, həm də ümumilikdə bir çox ölkələr üçün enerjı ehtiyatı və əlverişli mövqeyi önəmli olan Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun inkişafı üçün səmərəli ola bilər. Bunu nəzərə alaraq böyük dövlətlər obyektiv bir həqiqətə dayaq olmalı – tarixi Azərbaycan torpaqlarının bütövlüyünün hərtərəfli dəstək sayəsində qorunmasını təmin etməlidirlər. Çünki Azərbaycan öz hərbi gücü və vətənpərvər igidlərinin qanı bahasına doğma torpaqlarını azad etmişdir. Ali Baş Komandanın əmri ilə qəhrəmancasına şəhid olan zabitlərimiz vətənin bütövlüyünü bərpa etmişdir. Fitnəkar Ermənistana deyil, haqq yolunda vuruşan Azərbaycana hərtərəfli siyasi dəstək göstərməklə region və dünya üçün sabitliyin və təhlüksəsizliyin təmini dəstəklənmiş olar.


Sabunçu rayonu, 71 nömrəli tam orta məktəbin
tarix müəllimi Vüsalə Ağayeva


Oxşar xəbərlər