Revanşist Ermənistan hakimiyyətinin 13 sentyabr təxribatı tək Azərbaycanın yox, ümumiyyətlə, bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını almağa hesablanmışdı

Revanşist Ermənistan hakimiyyətinin 13 sentyabr təxribatı tək Azərbaycanın yox, ümumiyyətlə, bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını almağa hesablanmışdı Sentyabrın 13-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində genişmiqyaslı təxribatlar törətdi. Düşmən təxribatının qarşısı Azərbaycanın Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alındı və düşmən ağır itkilər verərək, geri çəkilməyə məcbur oldu. Ermənistanın bu təxribatları bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkməyib.
Üçtərəfli bəyanata zidd olaraq, hələ də Ermənistan Silahlı Qüvvələrinə məxsus silahlı texnika və qoşun hissələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni hərbi separatçıları ilə birgə qalmaqda və onlara dəstək verməkdədirlər. Ermənistan rəsmiləri isə bunu inkar edərək, beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur. Bütün bunlarla yanaşı, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın otuz illik işğalının nəticəsi olaraq, genişmiqyaslı və çətin humanitar mina təmizləmə fəaliyyəti apardığı halda, Ermənistan tərəfindən yenə də Azərbaycan ərazilərində qəsdən mina basdırılması əməlləri davam edir.
Ermənistanın siyasi-hərbi rəhbərliyi hər dəfə danışıqlar intensivləşəndə, sülh müqaviləsinə doğru irəliləyiş üçün işartılar görünəndə addım atılanda eyni təxribatları hərbi avantüralarla qəsdən regionda vəziyyəti gərginləşdirir.
Ermənistanın apardığı bu revanşist siyasət bütün region üçün təhdid yaradır. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir.
Azərbaycan tərəfi, konkret olaraq, dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə bəyan edib ki, sülh ali və ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanını sülhə çağırmalıdır. Bu cür beynəlxalq mexanizmlər vasitəsilə Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır.
Bu ideyaya yanaşmaların fərqliliyi Azərbaycanın üstünlüyünü bir daha göstərir və ölkəmizin beynəlxalq hüquq və normalarına sadiqliyini təsbit edir. Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır. İndi seçim aydındır - beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan və beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan dünya ölkələri, beynəlxalq təşkilatlar regiondakı vəziyyətə və ölkələr arasındakı münasibətə qiymət verəndə bu amili nəzərdən qaçırmamalıdırlar.
Bu cür ədalətli yanaşma ortaya qoyulsa, şübhəsiz, rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınılmalıdır. 13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. Bu, hər şeydən əvvəl, humanitar bir problemdir. Bölgədə bundan sonra dinc yanaşı yaşamanın və konflikt ocağının söndürülməsinin əsas təminatlarından biridir.
Sentyabrın 13-də törədilən təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.
Bu məsələdə incə bir nüans da var. Azərbaycan son illərdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi rol oynamağa başlayıb. Ölkəmizin bu məsələdəki əhəmiyyətini qəbul edə bilməyən və ona kölgə salmağa çalışan düşmən dövlət, bu cür təxribatlarla Avropa kimi mühüm bir siyasi-coğrafi mərkəzlə Azərbaycanın münasibətlərini zədələməyə, ölkəmizin təchizatçı rolunu azaltmağa, nüfuzunu ləkələməyə çalışır.
Bütün bu hadisələr Ermənistanın “forpost” ölkə statusunu yenidən aktuallaşdırır. Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir. Sərhəddəki təxribatlar başlayan vaxtdan İrəvanda və ermənistanın digər bölgələrində genişlənən xalq etirazları bunun əyani sübutudur.
Bu məsələdə Ermənistana dəstək göstərən və təxribatlara göz yuman, ikili standartlarla yanaşan ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər.
44 günlük müharibədən sonra Azərbaycanın bölgədə öz yerini və əhəmiyyətini təsdiqləməsi həm Ermənistanın, həm də onun dünyadakı havadarlarının, təbii ki, könlüncə deyil. Ölkəmizin beynəlxalq iqtisadi təşəbbüsləri bütün regionun geostrateji əhəmiyyətini artırır. Revanşist Ermənistan hakimiyyətinin 13 sentyabr təxribatı tək Azərbaycanın yox, ümumiyyətlə, bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını almağa hesablanmışdı. Lakin ordumuzun layiqli cavabı və dövlətimizin bu məsələdə tərəf yox. Regional lider qüvvə kimi davranması onlara bu niyyətlərinə çatmağa imkan vermədi.
Bu hadisələr təsadüfi sayıla bilməz. Planlaşdırılmış təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. Silahlı Qüvvələrimizin öz vəzifələrini layiqincə yetirməsi ilə bərabər, ölkəmizdə yaşanan milli həmrəylik mühiti də strateji resurs kimi qorunmalıdır.
Bu il iyunun 27-də Prezident İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdi: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir”. Həm Vətən Müharibəsinin təcrübəsi, həm də 13 sentyabr tarixində yaşanmış insident bir daha onu göstərir ki, Prezident İlham Əliyevin dövlət olaraq güc amilinə verdiyi önəm və hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır.
Son insident daha bir məsələdə dövlətimizin yanaşmasının nə qədər ölçülü-biçili olduğunu göstərdi. Qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması strategiyası hər zaman aktual olmaqla yanaşı, İrəvanın digər təxribatları bir daha onu göstərir ki, işğaldan azad olunmuş ərazilərə qayıdış prosesində tələsmək olmaz. Bu proses, Prezident İlham Əliyevin dediyi kimi, “planlı şəkildə həyata keçirilməlidir”.
Yeri gəlmişkən, 13 sentyabr insident və bu kimi digər erməni təxribatları ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyətini bir daha nümayiş etdirdi.
Ermənistanın bu təxribatı həm də ATƏT-in Minsk Qrupunun dirçəldilməsinə xidmət edən simulyasiyadır. Təxribatın 15-16 sentyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti ərəfəsində baş verməsi onu göstərir ki, düşmən ölkə Azərbaycana qarşı təzyiqlərinin artırılması, əlavə beynəlxalq mexanizmlərin, o cümlədən fəaliyyətsizliyi ilə məşhur olan Minsk Qrupunun yenidən gündəmə gətirilməsi məqsədini daşıyır.
Ermənistan rəhbərliyi danışıqlar masasında, beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdə bəzəkli və "sülh tərəfdarı" kimi saxtakar açıqlamalar versə də, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmaq və 10 noyabr 2020-ci tarixli üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməmək üçün bütün təxribatlara əl atır, ənənəvi riyakarlıqla yenə də bütün tərəfləri aldatmağa, manipulyasiyaya çalışır. Faktiki olaraq, hazırda Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq layihələrini ləngitmək, sülh müqaviləsi üzrə danışıqlara imkan verməmək üçün bütün səylərini səfərbər edib.
Bəs, Ermənistanın təxribatlarını dayandırmaq üçün ölkəmiz hansı addımlar atmalıdır?
Əsas məsələlərdən biri Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zonanın yaradılmasıdır. Əks təqdirdə, Ermənistanın təxribatları davam edəcək.
Paralel olaraq, Ermənistan sülhə məcbur edilməlidir. Ermənistan rəhbərliyinin hər dəfə təxribatlar törətdikdən sonra himayədarlarının üstünə qaçıb, riyakarcasına hay-küy salmaqla revanşizmin baş qaldırması üçün vaxt tanınmasına çalışmasına son qoyulmalıdır.


Sabunçu rayonu, 113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova


Oxşar xəbərlər