Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır Sentyabrın 12-dən başlayaraq, Azərbaycan–Ermənistan sərhədində baş verən təxribatın səbəbləri və nəticələri barədə danışarkən, ilk növbədə, onu qeyd edək ki, həmin tarixdə Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində yaşanan gərginlik işğalçı ölkənin revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin məntiqi nəticəsidir.
Ermənistanın siyasi və hərbi davranışları göstərirdi ki, Ermənistan revanşa, Azərbaycana hücuma hazırlaşır, hərbi əməliyyatlara start vermək fikrindədir. Odur ki, qalib Azərbaycan Ordusu qətiyyətli cavab zərbələri ilə İrəvana heç vaxt unutmayacağı dərsi verdi. Azərbaycan dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edib, həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib və Ermənistan hakimiyyətini bu cəhdlərin onun özü üçün ağır nəticələrə gətirib çıxaracağı barədə Ermənistan hakimiyyətini xəbərdar edib. Bu məqamda onu da deyək ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən ötən müddətdə sülh sazişinin bağlanılması istiqamətində atdığı addımlar zamanı Ermənistanın bir sıra maneələri ilə üzləşib. İstər İrəvanda, istərsə də Qarabağda revanşist qüvvələr tərəfindən Vətən savaşı başa çatandan bu vaxtadək işğalçı ölkədə iğtişaşlar törətmək, əhali arasında çaşqınlıq yaratmaq və Ermənistan–Azərbaycan sərhəd xəttində silahlı münaqişə gerçəkləşdirməklə bağlı saysız cəhdlər göstərilib.
Şübhəsiz ki, əsas məqsəd iki dövlət arasında illərlə davam edən düşmənçiliyi daha da dərinləşdirmək, sülh sazişinin imzalanması yönündə fəaliyyəti məhdudlaşdırmaq, həmçinin məlum üçtərəfli Bəyanatın müddəalarının icrasının qarşısını almaq olub. Bir sözlə, erməni revanşizmi daim Azərbaycanla Ermənistan arasında mövcud ziddiyyətləri kəskinləşdirməyə, yaranan uçurumu daha da dərinləşdirməyə can atıb. Bütün bunlar Ermənistanın mahiyyətinin dəyişməz olduğundan, münaqişənin dinc vasitələrlə tənzimlənməsinə maraq göstərmədiyindən, işğalçılıq siyasətini davam etdirməkdə israrlılığından xəbər verib. Buna baxmayaraq bu terror dövləti dərk etmək istəmir ki, bu revanşist mahiyyətli siyasət nəinki Azərbaycana qarşı eyni zamanda bütün regiona da təhdiddir. Qarşı tərəf və onun havadarları, nəhayət, anlamalıdırlar ki, xalqına və qüdrətli ordusuna arxalanan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı istənilən addımın qarşısının alınması üçün hər zaman yetərlidir və bu reallıq qarşısında Ermənistanın sülh prosesinə qoşulmaqdan başqa alternativi yoxdur.

Sabunçu rayonu, 68 №-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər