Əslən Qərbi Azərbaycanın Pəmbək mahalının Hamamlı bölgəsinin Qursalı kəndindən olan Avstriyanın Vyana şəhərində yaşayan Dünya Şairlər və Yazıçılar İttifaqının Prezidenti, dəyərli dostum Qaraxan Yaqubovun FACEBOOK-da bir şeirini oxudum. Şeirə aşıqlar dilincə desək bir QABAQ yazdım.
Qaraxan Yaqubov:
Etibar eylədim qohum-qardaşa,
Özüm öz başıma döyürəm indi.
Atama, anama, doğma yurduma
Yuxuda baş çəkib dəyirəm indi.
Yusif Ağbulaqlı:
Əgər etibarsız olarsa ətraf
Keçənə güzəşt de, döz, eybi yoxdu.
Ata, ana, yurd sevgisi çin olsun,
Hələlik yuxuda gəz, eybi yoxdu.
Qaraxan Yaqubov:
Çörək verdiklərim qəlbimi üzdü,
Ürəyim möhkəmmiş acıya dözdü.
Ürək o ürəkdi, göz də o gözdü,
Əvvəlki gülərüz deyiləm indi.
Yusif Ağbulaqlı:
Çörək itirəni gəz nə soraqla,
Qəlbini ədəbə, ərkana bağla.
Sən təmiz duyduğun yolunu saxla,
Pozular hərdənbir iz, eybi yoxdu.
Qaraxan Yaqubov:
Vaxt var idi mən dağlarda gəzərdim,
Doğma el-obamda yox idi dərdim.
Yoxuşa qalxanda dik yeriyərdim,
Düz yolda belimi əyirəm indi.
Yusif Ağbulaqlı:
Sevinci soraqla, kədəri unut,
İnşallah qovuşar doğma oba, yurd.
Pak vicdan önündə başını dik tut,
Yol olsun yoxuş, ya düz, eybi yoxdu.
Qaraxan Yaqubov:
Çay üstündən hoppanaraq keçərdim,
Bulaqlardan suyu soyuq içərdim.
Ayda neçə dəfə kabab çəkərdim,
Şorba, borşu zorla yeyirəm indi.
Yusif Ağbulaqlı:
Baxma bizə qara əllər sədd çəkib,
Sevinəsən türk dünyası birləşib.
Bir gün olar ana yurdda əyləşib,
Yeyərsən bal, qaymaq--üz, eybi yoxdu.
Qaraxan Yaqubov:
Bilməzdin qəm-qüssə nədir, Qaraxan?--
Neçə ki var idi atanla, anan.
Nə şeir yazmazdım, nə də ki roman,
Dərdimi şeirlə deyirəm indi.
Yusif Ağbulaqlı:
Yusif Ağbulaqlı dedi: qulaq as,
Bütün varlığınla gülərsən, qardaş.
Sevincdən yazacan bir vaxt başabaş,
Hələlik kədərli söz eybi yoxdu.