Müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib halqalarından biridir

Müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib halqalarından biridir Tarixə nəzər salsaq məlum olur ki, azad iqtisadi zonalar əsasən XX-ci əsrin ikinci yarısından etibarən ABŞ, Yaponiya, Koreya, Çin və başqa ölkələrdə yaranmağa başlayıb. Azad İqtisadi Zonanın salınması kiçik yaşayış məntəqəsini müasir dövrümüzdə dünyanın əsas ticarət və maliyyə mərkəzinə çevirməyə imkan yaradır.

Müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib halqalarından biridir. Belə ki, azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı ixrac səbətinin həm çeşidini həm də coğrafiyasını genişləndirməyə şərait yaradır. Belə iqtisadi zonaların yaradılması ayrı-ayrı ərazi və regionların iqtisadiyyatının inkişafı baxımından olduqca təsirli mexanizmdir.

Azərbaycanda azad iqtisadi zonaların yaradılması prosesi sürətlənib. Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun fəaliyyətini daha səmərəli edəcək.

Ümumi sahəsi 850 hektardan ibarət olan Ələt Azad İqtisadi Zonasının 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Azad İqtisadi Zonanın yaradılmasının əsas məqsədi qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.

Ələt qəsəbəsi həm də beynəlxalq avtomobil və dəmir yolu xətlərinə ən əlverişli mövqedə yerləşir. Bu da imkan verir ki, Azad ticarət zonası həm əlavə dəyər yaradan, eyni zamanda beynəlxalq paylama məntəqəsi kimi də inkişaf etsin. Nəzərə alsaq ki, Azərbaycan böyük bazarlara ən yaxın məsafədə yerləşir. Bu da Azad Ticarət Zonasının iqtisadi səmərəliliyini artırmaqla onun Mərkəzi Asiya, İran, Rusiya, Türkiyə, Yaxın Şərq bazarlarına xidmət etməsinə imkan verəcək. Bir sözlə azad iqtisadi zonaların yaradılması iqtisadi məqsədlərlə yanaşı, sosial və elmi məqsədlərin də reallaşdırılmasına imkan verəcək.

Prezident İlham Əliyevin “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 2017-ci il 31 may tarixli Sərəncamında deyilir ki, son illər ərzində aparılan davamlı islahatlar siyasəti respublikamızın iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaradıb, dinamik sosial-iqtisadi inkişafa təkan verib. Ölkə başçısının iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın təchizat, logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması məqsədilə Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncamı, eləcə də bu sahədə görülən işlər, gerçəkləşdirilən irimiqyaslı layihələr respublikamızda məşğulluğu təmin etmək, xarici investisiyaları cəlb etmək, müasir xarici avadanlıq və texnologiya cəlb etmək baxımından mühüm əhəmiyyət daşıyır. Azad iqtisadi zonaların yaradılması, həmçinin istehlak mallarının və xidmətlərinin istehsalını genişləndirmək, idxalı

əvəzləyən və ixrac istehsalını inkişaf etdirmək, respublikamızın ayrı-ayrı regionlarının və ərazilərinin iqtisadi və sosial potensialının inkişafı, iqtisadiyyatın real sektoruna investisiyaların cəlb olunması üçün əlverişli şəraitin təmin edilməsi, mövcud iş yerlərinin qorunması və yeni iş yerlərinin yaradılması, müasir texnologiyanın cəlb edilməsi, müasir nəqliyyat, sənaye və sosial infrastrukturun yaradılması və inkişafı, idxalı əvəzləməyə yönəlmiş istehsalın ixrac potensialının və inkişafının artırılması, qeyri-neft sektorunun şaxələndirilməsi işinin sürətləndirilməsi, xarici ölkələrlə ticarət-iqtisadi əməkdaşlığın artırılması istiqmətində ciddi nailiyyətlər əldə olunmasına şərait yaradıb. Yeni iqtisadi zonalar, həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına da səbəb olacaq. Ələt qəsəbəsində 1000 hektar ərazidə, ümumi dəyəri ilkin olaraq 2 milyard manat olmaqla “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması sahəsində əməkdaşlıq haqqında saziş imzalanması bu sahədə atılan ciddi addım kimi qiymətləndirilir.

Ümumiyyətlə, Ələt Azad İqtisadi Zonasının yaradılmasının Azərbaycana böyük siyasi, iqtisadi və sosial dividentlər verəcəyinə şübhə yoxdur. Bu, ölkəmizin beynəlxalq nüfuzunu artıracaq, dövlətimizin gəlirlərini yüksəldəcək və ölkəmizi regionun sənaye və ticarət mərkəzinə çevirəcək.

Ramana qəsəbəsi, Eynulla Ağayev adına 198 № li tam orta məktəbin

psixoloqu Mətləb Bayramov

Oxşar xəbərlər