“Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində həmkarlar ittifaqlarının çox mühüm rolu var.”
— İlham Əliyev
— İlham Əliyev
AMEA-nın Azad Həmkarlar İttifaqı 20 şəhid ailəsinə ərzaq yardımı edib
Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı və Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nəsimi rayonunda 20 şəhid ailəsinə 18 çeşiddə ərzaq yardımı edilib.
Ərzaqların təqdim edilməsində AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirak edib.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti şəhid olmuş və yaralanmış hərbi qulluqçuların ailələrinə daim diqqət və qayğı ilə yanaşır. Müharibədə ön və arxa cəbhədə xidmət edib şəhid və qazi olmuş hərbi qulluqçular Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif dərəcəli orden və medallarla təltif ediliblər. Onların ailələrinə dövlət tərəfindən daim maddi yardımlar edilir.
“Bu il əvvəlki illərlə müqayisədə 26 iyun – Silahlı Qüvvələr Gününü fərqli bir əhval-ruhiyyədə qeyd edirik. Ötən il Silahlı Qüvvələrimiz 30 il düşmən tapdağında olan torpaqlarımızı böyük rəşadətlə azad etdi və üzərinə düşən vəzifəni uğurla başa çatdırdı. Beləliklə, Ordumuzun bu qələbəsi Silahlı Qüvvələr Gününü daha da əzəmətli etdi və şərəfləndirdi. Dövlətin əsas atributu kimi, Silahlı Qüvvələrimizin cəmiyyətdə rolu və nüfuzu daha da artdı”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, yarandığı vaxtdan – 1918-ci ilin 26 iyun tarixindən bu günə kimi Azərbaycan Ordusu müdafiə missiyası yerinə yetirib: “Heç vaxt təcavüzkar addım atmayıb. 1918-ci il mayın 28-də qəbul olunan “İstiqlal bəyannaməsi”ndə də göstərilirdi ki, xarici müdaxilələrdən qorunmaq, daxili düşmən qüvvələrini zərərsizləşdirmək məqsədilə silahlı qüvvələr yaradılır. Həmçinin 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında da təhlükəsizliyi və müdafiəni təmin etmək məqsədilə Silahlı Qüvvələrin yaradılması öz əksini tapıb. Keçdiyi tarixi yola nəzər salanda da görünür ki, Azərbaycan Ordusu işğala, xarici qüvvələrin müdaxiləsinə qarşı mübarizə aparıb, suverenliyin qorunmasına xidmət edib. 1918-ci ildə Milli Ordunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etməsi, 1-ci və 2-ci Qarabağ müharibələri bunun bariz nümunəsidir”.
“Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun bu səviyyə çatması heç də asan olmayıb, çətin, ağır, mürəkkəb yollardan keçib. Bu yerdə 1971-ci ilin iyun ayında Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasını xatırlamaq yerinə düşər. O dövrdə hərbi təyinatlı məktəbin yaradılması o qədər də rahat deyildi. Bu təşəbbüs rəsmi Moskvanın ciddi narazılığına, müxtəlif irad və maneələrinə səbəb oldu. Lakin bütün bu təzyiqlərə baxmayaraq, Azərbaycanın həmişə gələcəyini düşünən, bu yolda heç kimdən və heç nədən çəkinməyən cənab Heydər Əliyevin qətiyyəti, əzmkarlığı sayəsində məktəbin yaradılmasına nail olundu. Bununla da hərbçi peşəsinin nüfuzu artmağa başladı, peşəkar hərbçilərin sayı çoxaldı, məktəbi bitirən neçə-neçə gənc Bakının ali hərbi məktəbləri ilə yanaşı, SSRİ-nin ali hərbi təhsil ocaqlarında hərbçi peşəsinə sahib oldular. Müstəqillik əldə etdikdən sonra da biz bu məktəbin yaradılmasının nə qədər əhəmiyyətli olduğunu dərk etdik. Ordu quruculuğu sahəsində məhz həmin məktəbin məzunları mühüm rol oynayıblar”, – Konfederasiya sədri bildirib.
S.Möhbalıyev qeyd edib ki, müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması, möhkəmləndirilməsi, inkişafı da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “1993-cü ildə xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin dövlət quruculuğu yolunda atdığı ilk addımlardan biri Azərbaycan Ordusunun yaradılması oldu. O vaxta qədər isə ordu quruculuğu istiqamətində heç bir uğurlu addım atılmamışdır. Ermənistan dövlətinin davam edən hərbi təcavüzünün qarşısını almaq üçün heç bir tədbir görülmürdü. Səriştəsiz, qeyri-peşəkar rəhbərlərin laqeyd münasibəti nəticəsində konkret şəxslərin məhdud siyasi maraqlarına xidmət edən, xarici qüvvələrin əlində oyuncaq olan silahlı dəstələr var idi ki, onların da fəaliyyəti ölkənin parçalanmasına gətirib çıxarırdı. Lakin ulu öndərin dövlətçilik təcrübəsi, sərkərdəlik məharəti, xalq içərisində olan inamı və hörməti ordunun yenidən qurulmasına kömək etdi. Yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən siyasi birləşmələr ləğv edildi, yeni səfərbərlik elan edildi, hərbi hissələr təsis edildi, vahid komandanlığa tabe olan nizami Ordu yaradıldı. Ulu öndər cəbhə xəttinə gedərək səngərdə əsgərlərlə görüşdü, onlara hədiyyələr payladı, düşmənə qarşı döyüşə ruhlandırdı. Məhz bunun nəticəsi olaraq Azərbaycan tarixinin şanlı səhifəsi olan uğurlu Horadiz əməliyyatı keçirildi. Beləliklə, qələbələrimizin əsası qoyuldu, Ordumuzda mənəvi-psixoloji durum yüksəldi, düşmən üzərində zəfər qazanmağa inam artdı. Əvvəlki müsahibələrimdə də qeyd etdiyim kimi, məhz Horadiz əməliyyatı Qarabağ münaqişəsində əsaslı dönüş oldu”.
Deputat Azərbaycan Ordusunun uğurları sırasında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ildə Naxçıvanda həyata keçirilən əməliyyatların xüsusi əhəmiyyəti olduğunu vurğulayıb: “Əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın bir hissəsi və strateji əhəmiyyətli yüksəkliklər azad olundu. Bu, Azərbaycan Ordusunun gücünü göstərməklə bərabər həm də heç vaxt işğalla barışmayacağımızın bəyanı idi”.
“Silahlı Qüvvələrimiz qarşısında ən böyük sınaq isə 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi oldu. Azərbaycan Ordusu qorxmadan, çəkinmədən böyük şücaət göstərərək, çətin iqlim və ağır relyefdə hər qarış torpağımız uğrunda mübarizə apardı. İstər meşə, istər dağ, istərsə də şəhər döyüşlərində Ordumuz misilsiz qəhrəmanlıq göstərdi və bütün növ döyüş qabiliyyətinə hazır olduğunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatların strategiyası və taktikası tanınmış ekspertlər tərəfindən araşdırılır, dünyanın aparıcı hərbi məktəblərində təhlil və tədris olunur. Bütün bunlar Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Azərbaycan əsgərinin uğurudur. Müharibə nəticəsində işğal altında olan torpaqlarımız tamamilə azad olundu, Ermənistan ordusu sıradan çıxarıldı, təcavüzkarın işğalçılıq arzuları və faşist düşüncəsi məhv edildi. Bundan başqa, bölgənin və regionun siyasi mənzərəsi dəyişdi, siyasi-iqtisadi reallıqlar yarandı, yeni infrastruktur layihələrinin yaradılması zərurəti ortaya çıxdı. Qeyd etdiklərimizdən görünür ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün region üçün xilaskarlıq missiyasını icra edib və bölgənin yeni inkişaf strategiyasının əsasını qoyub. Azərbaycan müharibə başa çatandan dərhal sonra işğaldan azad olunmuş ərazilərdə abadlıq və quruculuq işlərinə başlayıb. Yeni avtomobil yolları çəkilir, hava limanları tikilir, müasir kənd və qəsəbələr salınır. Zəngəzur dəhlizinin açılması Naxçıvanla respublikamızın əsas ərazisini birləşdirəcək, həmçinin oradan keçəcək nəqliyyat xətləri bölgə ilə yanaşı, regionun da inkişafına böyük töhfə verəcək. Beləliklə, Azərbaycanın apardığı bərpa-quruculuq işləri, həyata keçirdiyi iri layihələr bölgənin inkişafına gətirib çıxaracaq, oraya qayıdacaq sakinlərin rahat və xoşbəxt yaşaması üçün əlverişli olacaq”, – AHİK sədri fikrini tamamlayıb.