Bu gün həbs olunan Səlim Müslümov KİMDİR? - DOSYE

Bu gün həbs olunan Səlim Müslümov KİMDİR? - DOSYE Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs edilib.
Unikal.orq xəbər verir ki, hüquq mühafizə orqanları tərəfindən keçmiş məmur ciddi korrupsiya faktları ilə saxlanılıb.

Səlim Müslümov kimdir?

Müslümov Səlim Yanvar oğlu 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olmuşdur. 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmışdır.1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olmuşdur. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışmışdır. 2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilmişdir. 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilmişdir.

2004-cü il sentyabrın 18-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının Pekində keçirilən 28-ci Baş Assambleyası zamanı bu qurumun Büro üzvü seçilmişdir. 2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində "Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları" doktorluq dissertasiyası müdafiə edərək İqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.

S.Y.Müslümov iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak etmişdir. O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.

17.01.2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona gömrük xidməti general-mayoru rütbəsi verilmişdir.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin edilib.

Rus və ingilis dillərində sərbəst danışır.

Evlidir, 3 övladı var.

Oxşar xəbərlər