Bu gün Çempionlar Liqasında ilk iki yarımfinalçı müəyyənləşəcək AFİŞA

Bu gün Çempionlar Liqasında ilk iki yarımfinalçı müəyyənləşəcək AFİŞA Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki cavab görüşü keçiriləcək.

“Report”un məlumatına görə, qarşılaşmalar İtaliya və İspaniyada təşkil olunacaq. “Yuventus“ Hollandiya “Ayaks”ını, “Barselona” isə İngiltərə “Mançester Yunayted”ini qəbul edəcək. Səfərdəki ilk oyundan 1:1 hesablı heç-heçə ilə ayrılan “Yuventus”a yarımfinala yüksəlmək üçün doğma meydanda qolsuz heç-heçə də kifayət edəcək. “Ayaks” isə tarixdə ilk dəfə Turində qələbə qazanmaq üçün meydana çıxacaq. Hərçənd, amsterdamlıları 2:2-dən başlayaraq, məhsuldar heç-heçələr də qane edir.

Bu matçda Hollandiya komandasının heyətində Nikolas Talyafiko cəzalı olduğu üçün iştirak etməyəcək. Hassan Bande zədə səbəbindən oyunu buraxacaq. Əzələsində kiçik zədəsi olan Frenki de Yonqun oyunda iştirak edib-etməyəcəyi sual altındadır. “Qoca Sinyora”nın heyətində cəzalı futbolçu yoxdur. Zədəli Martin Kaseres, Mattia Perin, Andrea Bartsalyi və Emre Canın matçı buraxacağı isə dəqiqdir.

Gecənin digər matçına gəldikdə, evdə 0:1 hesabı ilə məğlub olan Ule Qunnar Sulşerin baş məşqçi olduğu kollektivin cavab qarşılaşmasında qələbədən başqa şansı yoxdur. “Mançester Yunayted” 20 il əvvəl məhz “Nou Kamp”da Almaniya “Bavariya”sını finalda 2:1 hesabı ilə məğlub edərək, tarixində ikinci dəfə Çempionlar Liqasının qalibi olub. Həmin görüşdə Sulşer futbolçu qismində iştirak edib. 81-ci dəqiqədə meydana daxil olan norveçli hücumçu 90+3-cü dəqiqədə komandasının qələbə topunu vurub.

“Barselona” isə doğma meydanda keçirdiyi 4 qarşılaşmanın heç birində “qırmızı şeytanlar”a məğlub olmayıb – 2 qələbə 2 heç-heçə. Kataloniya təmsilçisi həmçinin Çempionlar Liqasında “Nou Kamp”da keçirdiyi ardıcıl 30 matçda məğlubiyyətin nə olduğunu bilmir. Qonaqların heyətində Lük Şou cəza, Erik Bayi, Matteo Darmian, Antonio Valensiya və Aleksis Sançes isə zədəyə görə meydana çıxa bilməyəcək. Meydan sahiblərində isə cəzalı və zədəli futbolçu yoxdur.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

16 aprel

23:00 “Barselona” (İspaniya) – “Mançester Yunayed” (İngiltərə)

Baş hakim: Feliks Brix (Almaniya)

Barselona, “Nou Kamp” stadionu

İlk oyun – 1:0

23:00 – “Yuventus” (İtaliya) – “Ayaks” (Hollandiya)

Baş hakim: Klemen Turpin (Fransa)

Turin. “Juventus Stadium”

İlk oyun – 1:1.

Oxşar xəbərlər