“Kamil ona yazılan təhqirləri mənə göndərir ki, oxu, dözə bilərsən?” – tanınmış xanəndə ilə müsahibə, FOTOLAR-VİDEO

“Kamil ona yazılan təhqirləri mənə göndərir ki, oxu, dözə bilərsən?” – tanınmış xanəndə ilə müsahibə, FOTOLAR-VİDEO Tanınmış xanəndə Gülay Zeynallı ilə Ağ Şəhər Bulvarında bir araya gəldik.

Musavat.com-un suallarına cavab verən müğənni ilə yeni işlərindən, şou-biznesin durumundan və hazırda ölkə gündəmini zəbt edən məsələlərdən danışdıq:

– Bir neçə gündür ki, müğənni Rüfət Axundov ilə əməkdar artist Rəşad İlyasovun “Hər səhər” verilişində “İnsaf da yaxşı şeydir” mahnısının sözlərini təhqiramiz ifadələrlə əvəzləməsi gündəmi zəbt edib. Bir müğənni kimi mahnıların sözlərinin dəyişdirilib, gözdən salınmasına münasibətiniz necədir?

– Rüfətin xətrini çox istəyirəm, yaxşı sənət yoldaşıdır, deyib-gülən insandır. Sənətini kənara qoyaq, insan olaraq çox gözəl insandır. Olacağa çarə yoxdur.

– Bu hadisədən sonra “Space” telekanalı cərimələndi, R.Axundova efir qadağası qoyuldu, aparıcı və telekanal əməkdaşları işdən qovuldu. Bir ifadəyə görə müğənninin efirlərdən uzaqlaşdırılması nə dərəcədə doğru addımdır?

– Bir ifadə deyil, təhqirdir. Biz tanınmış simayıq, insanlar bizi izləyir. Camaatın anası-bacısı baxır, hər şeyə fikir verməliyik. Rüfət də bir səhv edib. Allah günahını bağışlasın.

– Gündəmdəki digər məsələ Elina adlı yeniyetmənin özünü məktəbin 3-cü mərtəbəsindən atmasıdır. Onun bu addımı atmasına səbəb məktəbdə həmyaşıdlarından təzyiq görməsi olub. Bu hadisəyə münasibətlər fərqlidir. Kimisi məktəbi, kimisi valideyni , kimisi cəmiyyəti günahkar bilir.

– Bu hadisə ilə bağlı müxtəlif açıqlamalar var. Adam bilmir ki, hansına inansın. Ona görə konkret fikir bildirə bilmirəm.

– Son günlər yeniyetmələr arasında intihar hadisələri artıb. Bir ana olaraq bu məsələ sizi narahat edirmi? Sizcə, səbəb nədir?

– Mən çox həssas anayam. Allah hər kəsin övladını qorusun. Bu hadisələrdə sosial şəbəkələrin rolu böyükdür. Intihar hadisələrinin yayılması digər gənclərə təsir edir. Bir insan yaxşı işlər görür, heç kim paylaşmır, bunun görülməsinə çalışmır. Mətbuat da bu məsələdə diqqətli olmalıdır. Yaxşı şeyləri göstərmək, təbliğ etmək lazımdır.

– Məşhurlar ictimai insanlardır. Onların təbliğ etdikləri də önəmlidir. Gülay nəyi təbliğ edir?

– Mən sənətimi təbliğ edirəm. Sosial şəbəkədə getdiyim konsertləri, məclisləri paylaşıram. Sənətimə uyğun paylaşımlar edirəm. Mağaza, yemək reklamları paylaşmıram, özümə rəva bilmədiklərimi insanlara göstərmirəm.

– Yeni təqdim etdiyiniz “Böyük eşq” mahnısına və klipinə maraq gözlədiyiniz qədər oldumu?

– “Böyük eşq” adlı mahnının bəstəkarı Fərid Kərimli, sözləri Orxan Mürvətli, aranjeman isə Elvin İmanova məxsusdur. Rejissorluğu Anar Hüseynov etdi. Amma elə mahnılarımız var ki, bu mahnıdan çox sevildi. Klip çəkilişində peşəkarlarla çalışdıq, PR-ı da yaxşı oldu. İnanıram ki, zaman keçdikcə seviləcək.

– Son vaxtlar musiqili meyxanalar, bayağı mahnılar üstünlük təşkil edir. Bəzi müğənnilər yaxşı mahnı tapa bilmədiyini deyir. Siz də yaxşı mahnılara həsrət qalanlardansınız?
– Elə şeylər var ki, onu zamana buraxmaq lazımdır, zamanla ələnib yoxa çıxacaqlar. Musiqili meyxanaları oxuyanlara pis baxmıram. Bu cür mahnıların populyar olması məni narahat etmir, sənətimə təsiri yoxdur. Sənətimə bağlı insanam. Həmişə yaxşı mahnılar oxumaq istəyirəm. Peşəkar musiqiçilərlə çalışıram. Klip çəkilişlərini gec-gec etsəm də, keyfiyyətli iş görürəm. Müvəqqəti gündəmlər məni sənətdən soyuda bilməz. Onların da bir dövrü var, ələnib, yoxa çıxacaqlar.

– Bəs sənətdən sizi nə uzaqlaşdıra bilər?

– Sənətə o qədər bağlıyam ki, çətin nə isə məni sənətdən uzaqlaşdıra bilər. 7 yaşımdan oxuyuram, musiqi təhsilim var. Asəf Zeynallı adına Bakı Musiqi Kolleci, Bülbül adına Orta İxtisas Məktəbi, Azərbaycan Milli Konservatoriyasında təhsil almışam. Arif Babayev, Zabit Nəbizadə kimi ustad müəllimlərim olub. 11 yaşımda Fransaya dövlət xətti ilə getmişdim, “Bu günün uşaqları, sabahın gələcəyi” adlı festivalda ölkəni təmsil etmişdim. Hər zaman sənətimə məsuliyyətlə yanaşmışam. Sənətə maliyyə mənbəyi kimi baxmıram. Mən sənətə gələndə toy bazarı, sosial şəbəkələr yox idi. Ona görə biz populyarlıq yox, sənət üçün çalışırıq.

– Hazırda sosial şəbəkələr populyarlaşmağın ən asan yoludur. Düşünmürsünüz ki, sosial şəbəkələrin mövcudluğu sizə haqsızlıqdır? Çünki siz uzun yol qət edib, sənətə gəlib, tanınmısınız, amma bir çoxları sosial şəbəkə vasitəsilə müvəqqəti də olsa, gündəmi zəbt edir.

– Bəzən elə şeylər olur. Düşünürəm ki, mən illərlə əziyyət çəkdim, bir çox etaplardan keçdim, “Xalq ulduz”undan sonra tanındım, sevildim. İndi “İnstagram” vasitəsilə bir insan bir günə tanına bilər. Mən musiqi təhsili olan, xalqın sevgisini qazanmış müğənniyəm, ruzim var, toylara gedirəm Hərənin bir qisməti var. Elə adam var 10 ilə, elə insan var, 1 günə tanınır.

– Bəzən deyirlər ki, müğənnini toy püxtələşdirir. Bu fikirlə razısınız?

– Mən Azərbaycan Milli Konservatoriyasında oxuyanda Arif Babayev deyirdi ki, toy ikinci məktəbdir. Çünki 6 saat canlı oxuyursan, can qoyursan. Mənim getdiyim toylardakı ifaçılar peşəkar və səviyyəli olur. Bir də görürsən ki, 1 saat 20 dəqiqə muğam oxuyuruq. Hər zaman yeni mahnılar öyrənirəm. İnsan işinə nəyəsə görə can yandıranda, o uğur müvəqqəti olur. Sənəti sevmək lazımdır.

– Son günlər toy müğənnilərinin efirə buraxılmaması barədə fikirlər səsləndirildi. Müğənnilər isə etiraz etdi ki, toy müğənnilər deyil, bayağı oxuyanlar efirə buraxılmasın.

– Bu haqda mənim fikrimin nə önəmi var? Guya, mən desəm, nə isə düzələcək? Bizim elə savadlı ifaçılarımız var ki, qulaq asırsan, kövrəlirsən. Mənim övladım xəstələnəndə gözümün yaşı dayanmır. Bir də yaxşı mahnı eşidəndə kövrəlirəm. Bir çox istedadlı müğənninin reklamı yoxdur, o istedadı insanlar tanımır. Efirdə o müğənnilərə yer ayrılsa, daha yaxşı olar. Artıq insanlar da pisi yaxşıdan ayıra bilir. Düşünürəm ki, zamanla haqq-ədalət yerini tapacaq.

– Gülayın daha da populyarlaşmasında idmançı Kamil Zeynallı ilə evli olmasının nə dərəcədə rolu olub?

– Biz Kamillə ailə quranda mən artıq tanınırdım. Düzdür, “Xalq ulduz”una qədər çox əziyyət çəksəm də, tanınmırdım. O müsabiqə məni tanıtdı, sevdirdi. Bir ailədə iki insanın tanınmış olması, əlbəttə, həyatımıza təsir edir. İnsanı daha çox populyarlaşdırır. Yaxşı deyiblər, güc birlikdədir.

– Kamil Zeynallının ətrafında baş verən qalmaqallar, onun davaları, kimlərisə təhqir etməsi münasibətinizə təsir edir?

– Kamil çox emosional insandır, hisslərini idarə edə bilmir. Amma çox düzəlib. Vallah deyirəm ki, bunu paylaşma, filan kəsə artıq söz yazma. Mənə ekran şəkilləri atır ki, oxu, dözə bilərsən? Mən qadınlığımla əsəbimə hakim ola bilmirəm. Kişi necə sussun? Amma yenə də deyirəm ki, səbirli ol, fikir vermə.

– Nə zamansa, populyarlıqdan bezmisiniz?

– Bezməmişəm, amma bəzən utanıram. Insanların içində olmağı sevirəm. Qızımla tez-tez gəzməyə çıxıram. İnsanlar yaxınlaşır şəkil çəkdirir. Diqqət mərkəzində olmaqdan çox utanıram. Amma insanlar elə bilir ki, özümdən razıyam.

– Qızınızla harasa gedəndə insanların sizə diqqət göstərməsi birlikdə vaxt keçirməyinizə bəzən mane olur. Bu hal övladınızın narazılığına səbəb olur?

– Məndən çox qızımla şəkil çəkdirirlər. Bu onun xoşuna gəlir. O gün anama deyib ki, məni “İnstagram”dan tanıyırlar. Təəccübləndim. 7 yaşlı uşaq belə deyirsə, deməli daha çox inkişaf etmişik.

– Nura Suri deyib ki, məşhur insanlar açıq-saçıq geyinə bilər, sadə insanlar yox. Bu fikirlə razısınız?

– Hər kəsin öz geyim tərzi var. Mən verilişə gedəndə anama zəng edirəm ki, baxarsan. İlk sözü o olur ki, nə geyinmisən? Çox danışma. Hər kəsin öz dünyagörüşü, seçimi var. Biz qarışa bilmərik.

– Gülayın geyimləri çox vaxt brend markalardan olur, tez-tez sosial şəbəkədə paylaşılıb, bahalı olmaları müzakirə edilir…

– Geyimlərimin hamısı brend markalar deyil. Ancaq ayaqqabı və çantalarım brend olur. Onları çox sevirəm, gec-gec alıram, amma keyfiyyətlisini alıram.

– Axırıncı dəfə nəyə və niyə ağlamısınız?

– Axırıncı dəfə Dənizkənarı parkda konsert idi, soyuqdan gözlərim yaşardı. Bu ağlamaq sayılırsa, soyuqdan ağlamışam.

– Eşitməkdən bezdiyiniz şayiə və sual hansıdır?

– Şəxsi həyatımla bağlı verilən sualların olmamasını istəyirəm. Tez-tez boşandığımız haqda şayiələr yayılır. Bizim boşanmağımızdan kimə nə? Mən kiminsə şəxsi həyatına qarışmıram, kimsə də mənim həyatıma qarışmasın. Bunların olmasını istəmərəm. Qızımın 7 yaşı var, indi “Youtube” kanalında cizgi filmlərinə baxır. İki il sonra valideynlərinin adını yazacaq. Istəmirəm qalmaqallı xəbərlər oxusun. Sonra “Gülay filan brenddən geyindi”, “Gülay filan restoranda oturdu”, “Gülay filan yeməyi yedi” və s başlıqlı xəbərlərin olmasını istəmirəm. Daha rəfiqələrimlə harasa gedəndə yeməyin şəklini çəkib paylaşmıram. Düşünürəm ki, kimsə baxır, ac olar, o yeməyi ala bilməz, günaha bataram. Bir neçə dəfə olub ki, toydan ac gələndə “İnstagrama” girmişəm, baxıram ki, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu pomidor yumurta, kabab şəkli paylaşır. Zəng edib dedim ki, mən acından ölürəm, niyə belə edirsən? Niyə yemək şəkli paylaşırsan?! Bu cür xırda nüanslara fikir vermək lazımdır.


Oxşar xəbərlər