Sosial mənzillər faktiki olaraq ən varlı təbəqəyə satılır - TƏHLİL

Sosial mənzillər faktiki olaraq ən varlı təbəqəyə satılır - TƏHLİL Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin guya güzəştlə satışı bu gün baş tutmadı. Agentliyin saytı çökdü – nəsə yaxşı başlanğıc olmadı. Ümid edək ki, tikilən mənzillər saytın taleyini yaşamayacaq. Bu öz yerində.

“KİV-də sosial mənzil satışa çıxarıldı” kimi başlıqlar gedir. Axı hansı sosial mənzildən söhbət gedir? Bu barədə əvvəlki yazımda da bildirmişdim, bəzi məqamlara yenidən qayıtmaq lazım gəlir.

Birincisi, ondan başlayaq ki, dünyanın heç bir yerində sosial mənzillər satışa çıxarılmır. Sosial mənzillər adətən bələdiyyə mülküyyətində olur. Uzaq Avropadan tutmuş yaxın Türkiyə və İranadək sosial evlər yoxsul insanlara güzəştli şərtlərlə qısamüddətli və ya uzunmüddətli (ailənin durumundan asılı olaraq) kirayə verilir. Kirayə qiyməti də simvolik məbləğlər olur. Məsələn, 5-10 dollar, bu da binanın xidmət xərclərini qarşılamaq üçündür. Əksər yerlərdə binanın xidmət xərclərini belə bələdiyyələr özləri qarşılayırlar. Çünki sosial binalara ödəmək qabiliyyəti olmayan zümrə yerləşdirilir, onlardan gəlir əldə etmək barədə düşünmək bəşəri baxımdan ant-insani, dini baxımdan günahdır.

Azərbaycanda sosial evləri tikintisini və idarəolunmasını bələdiyyələr yox, mərkəzi icra hakimiyyəti öz üzərinə götürdü - Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. Ancaq az sonra bəlli oldu ki, sosial mənzillər “sosial mənzil” ideyasının ziddinə olaraq satışa çıxarılacaq. Niyə sosial mənzillər satışa çıxarıla bilməz? Çünki yoxsulluq daimi deyil. İnsanlar hansısa mərhələdə yüksək maaşlı iş yeri tapa bilər və ya gedib özünə xırda biznes qura bilər. Məsələn, tutaq ki, tək qadın köməksiz vəziyyətdə 2 uşaq böyüdür. Bir mərhələdən sonra uşaqlar universitetə daxil olur, oranı bitirir və yüksək maaşlı işə düzəlirlər. Bununla da artıq sosial mənzildə yaşamaq hüququnu itirirlər və mənzil təhvil verilir. Təbii ki, növbəti yoxsul ailə gəlib həmin mənzildə yaşamaq hüququ əldə edir.

Mənzil İnşaatı Dövlət Agentliyinin şərtləri nəinki yoxsulların, hətta orta təbəqə üçün belə sosial mənzilləri əlçatmaz edir. Satışa çıxarılan 260 mənzilin qiyməti belə müəyyən edilib:
1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan,3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.

Bir otaqlı üçün aylıq ödəniş 129-136, ikiotaqlı üçün 203-236, üçotaqlı üçün 282-288 manatdır. Sadə hesablama yolu ilə bəlli olur ki, bu məbləğlər ödəmək üçün böyük rəsmi gəlirlər olmalıdır. Məsələn, tutaq ki, orta statistik ailə (ər-arvad+2azyaşlı uşaq) 1 otaqlı sosial mənzil almaq üçün müraciət edib. 2018-ci il üçün yaşayış minimumu haqqında qanuna görə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib – orta göstərici 173 manat. Deməli, 1 otaqlı ev almaq üçün onların gəlirləri 803 manatdan az olmamalıdır (ər və arvadın minimum yaşayış xərci 366 AZN + 2 uşağın yaşayış xərci 308 AZN+ aylıq ödəniş 129 AZN = 803 AZN). Bank kalkulyatoru da məhz belə hesablayır – rəsmi gəlirlərdən adambaşına yaşayş minimumu çıxılır, yerdə qalan vəsait isə kredit ödənişi kimi hesablanır. Sosial binalardan 3 otaqlı mənzil almaq üçünsə deputat maaşına yaxın bir məbləğ tələb edilir - ər və arvadın minimum yaşayış xərci 366 AZN + 2 uşağın yaşayış xərci 308 AZN+ aylıq ödəniş 288 AZN = 962 AZN (deputatların maaşı 1350 manatdır, müavinətləri saymasaq).

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda ən yüksək orta aylıq əmək haqqı nəqliyyat və informasiya və rabitə müəssisələrindədir. Bu sektorda əməkhaqqı 800 manata yaxındır. Nəqliyyat müəssisələrində 73,5 min, informasiya və rabitə müəssisələrində isə 27,2 min nəfər çalışır – cəmi 101 min nəfər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci il avqustun 1-i vəziyyətinə əsasən iqtisadi fəal əhalinin sayı 5,1 min nəfər olub. Yəni bu 2 sektorda işləyənlər cəmi məğul əhalinin cəmi 2 faizini təşkil edir. Beləliklə, sosial mənzilllər faktiki olaraq ən varlı təbəqəyə satılır. Yəni “sosial mənzil” anlayışını ədəb-ərkanla dəfn etmək lazım gəlir.

Agentlik bəyan edib ki, sosial mənzilin 1 kavadrat metri 950 manata vətəndaşlara təklif edilir. Maya dəyəri 300-350 manata başa gələn mənzillər niyə 950 manata təklif edilir? Özəl şirkətlərdə belə mənzilin 1 kvadrat metri 200-250 manata başa gəlir (təmirsiz). Hər kvadrata da 100-120 manat da təmir xərci əlavə etsək, maya dəyər 300-370 manatdan çox olmamalıdır. Ancaq maya dəyərdən 3 dəfə baha qiymətə “yoxsullara” mənzil satılır. Özü də özəl şirkətlərin xərci daha çoxdur - ən azı torpağı pulla alırlar. Agentliyə isə torpaq dövlət hesabına verilib.

Nəhayət, sosial mənzil nağd pula satılması variantı layihənin sosiallıqdan əsər-əlamət daşımadığını tam çılpaqlığı ilə ortaya qoyur. Agentlik hətta nağd alana 10 faiz endirim də edir. Çox sadə bir sual isə cavabsız qalır – nağd şəkildə 30-65 min manat pulu olan niyə yoxsul sayılmalıdır? Camaatla niyə məzələnirsiniz? Birdəfəlik deyin ki, mənzil alveri ilə məşğulluq, vəssalam!
Qadir İBRAHİMLİ \\istiqlal.az\\

Oxşar xəbərlər