"Əbülfəs Qarayev təyyarədə mənə dedi ki, çobana oxşamırsan" — Pərvin Səfərovla MÜSAHİBƏ

Ötən gün "O səs Türkiyə" yarışmasındakı çıxışıyla adından söz etdirən, əslən Neftçaladan olan çoban-müğənni Pərvin Səfərov "Ölkə.Az"-ın suallarını cavablandırıb

- “O səs Türkiyə”yə getməyinizi kim təşkil etmişdi?

- Avqust ayında Türkiyə mediasında videolarım, xüsusən də "Nazəndə sevgilim" gündəm oldu. Ondan sonra televiziyalarda göstərildi, türk məşhurlar bu barədə paylaşımlar etdilər. "Acunmedia"nın əməkdaşları sosial şəbəkə vasitəsilə mənimlə əlaqə saxlayıb dedilər ki, sizin “O səs Türkiyə”də iştirakçı olmağınızı istəyirik.

- Amma maraqlıdır ki, “O səs Türkiyə”nin münsifləri həmin videoları xatırlamadılar.

- Gökhan və Hadisə baxdıqlarını bildirdilər. Dedilər ki, öz çəkdiyin videolarda daha fərqlisən. Ola bilər ki, üstündən xeyli müddət keçib deyə, xatırlamadılar. Amma videoya baxandan sonra xatırladılar. Çünki fərqli qiyafələrdəydim. Türkiyədən də mənə xeyli adam yazırdı ki, “O səs Türkiyə”yə qatıl, uğur qazanacaqsan.

- Türkiyə şou biznesinə, sənət aləminə qatılmaq fikrin varmı?

- Şou biznes mənimçün fərqli aləmdir. Əvvəldən istəyirəm ki, bu sənətə yiyələnim, öyrənim. Tamam başqa şeyləri xəyal edirəm, sənətkar olmaq istəyirəm. Səsimlə, gözəl, sanballı musiqilərlə tanınmaq istəyirəm.

- Fikrincə, istər Türkiyədə, istər Azərbaycanda sanballı musiqilərlə hara qədər irəli getmək mümkündür?

- Məncə, sanballı musiqi sənətkar həyatdan köçəndən sonra da dinlənilir. Türkiyənin özündə Zeki Müren, Müslüm Gürses, hazırda yaşayanlardan Orhan Gencebay kimi sənətkarlar var. Orhan Gencebay bu gün də sevilir. Bizdəki kimi oranın da qısa müddət üçün gündəmdə olan sənətçiləri var.

- Münsiflər də qeyd etdilər ki, öz çəkdiyin videoda ifan daha yaxşı alınmışdı. Həyəcan var idi, yoxsa başqa bir səbəbə görə istədiyin kimi oxuya bilmədin?

- Həyəcan böyük rol oynayır. Həm də səhhətimdə problem var idi. Videoda yarışmadakından bir ton yuxarı oxumuşdum. O da rol oynayır.

- Özün hər ehtimala qarşı bir ton aşağı oxumuşdun ki, birdən səsin işləməz?

- Orada Tarık hoca var. Məşqlərdə özü belə məsləhət gördü, həm də soyuqlamışdım. Gələndən sonra da iki gün yataqda yatdım.

- Acun sənə İstanbulu gəzdirməyi söz vermişdi. Vədinə əməl etdimi?

- Həmin gün Azərbaycana dönürdüm. Gəlib görüşdülər, dedilər ki, bu gün həm çəkilişlər çoxdur, həm də də bəzi işlər var. Amma söz verdilər ki, növbəti səfərimdə İstanbulu gəzdirəcəklər.

- Növbəti tur nə vaxtdır?

- Təxminən iki ay sonra olacaq. Amma hələ dəqiq bilinmir.

- Murat Bozun komandasında olmaq qərarı verdin. Niyə məhz Murat?

- Orada janr söhbəti var. Seçimi münsiflər etsələr də, özləri məşğul olmurlar. Müsabiqədə səs ustadları iştirakçılarla məşğul olurlar. Sadəcə, Murat Bozun vokal təhsili olduğuna görə onu özümə yaxın bildim.

- Yıldız Tilbə ləhcəni, şivəni bəyənməmişdi...

- O, ərköyündür. Sibel Can, yaxud başqa sənətçi olsaydı, səsimə dönəcəkdi. O, gözləmədiyimiz səslərə dönürdü. Bütün ifaçılar çıxış edərkən ancaq şivə haqda danışırdı (gülür).
- Neçə gün orada oldun?

- Bir həftə Türkiyədə qaldım.

- Xərclərini onlar çəkdi?

- Bəli.

- Qonorar verdilərmi?

- Qonorarı nə mən tələb etdim, nə də onlar verdilər.

- Mədəniyyət və Turizm Nazirliyindən sənin təhsil almağına yardım edəcəkləri sözünü vermişdilər və məlum olduğu kimi vədə əməl olunmadı. “O səs Türkiyə”dəki çıxışını buna cavab kimi qiymətləndirmək olarmı?

- Yenə də onlardan dəstək gözləyirəm. Çünki qarşıda böyük mərhələlər var. Çünki oradakıların əksəriyyəti musiqi təhsillidirlər. Təhsilim olsa, səsimi istədiyim kimi istifadə edə bilərəm.

- Azərbaycanda musiqi təhsili almağın üçün hətta komissiya da təşkil edilmişdi. Yekun qərar nə oldu ki, ali məktəbə daxil ola bilmədin?

- Mənsum İbrahimov, Aygün Bayramova kimi sənətkarlar məni dinlədilər. Bildirdilər ki, istedadlı gəncdir, dəstək olmalıyıq. Sonda iş qaldı Dövlət İmtahan Mərkəzinə. Həmin imtahanda da yeddi bala görə keçə bilmədim. Halbuki belə bir söhbət olmuşdu ki, istedadlı gənc olduğuma görə imtahansız qəbul ediləcəyəm. Mən də güvəndim ki, yəqin belə bir şey mümkündür. Bəlkə də imtahan verəcəyimi bilsəydim, hazırlaşardım. Hazırlıqsız olduğuma görə 18 bal toplamışdım. Yeddi balım çatmadı.

- Dünənki çıxışından sonra yəqin ki xeyli zənglər gəlir...

- Türkiyədən daha çox mesajlar, təbriklər almışam.

- Toylara da gedirsən. Qiymətlərdə fərq olacaqmı?

- (gülür) Onu zaman göstərər. Heç bu barədə düşünməmişəm. Fikrimi müsabiqəyə cəmləmək istəyirəm. Onsuz da dəyər vermək istəyən dəyər verir də. Mən kiməsə qiymət demirəm, hər toya da getmirəm. Münasib bildiyim insanların məclislərinə gedirəm.

- Mədəniyyət və Turizm Nazirliyindən kimsə əlaqə saxlayıbmı?

- Nazirlər Kabinetindən mənimlə daimi əlaqə saxlayan bir məmur var. Adını açıqlamaq istəmirəm. Türkiyədən qayıdanda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə eyni təyyarədə gəldik. O da müsabiqədən qayıtdığımı biləndə təbrik elədi.

- Özü səni tanıdı, yoxsa özün bu barədə məlumat verdin?

- Yaxınlaşdım, özümü təqdim elədim. Hətta bildirdi ki, çobana oxşamırsan (gülür). Dedim ki, səhnəyə çıxdığım üçün təbii ki, çoban qiyafəsi geyinməyəcəyəm.

- Kömək ediləcəyi barədə nəsə dedi?

- Bildirdi ki, tapşıraq, Neftçalada, Salyanda yerli mədəniyyət evlərinin birində məşğul olsunlar. Bizim regional idarə Biləsuvarda yerləşir. Dedi ki, Biləsuvara gələcəyəm. Aramızda qısa bir dialoq oldu.

Oxşar xəbərlər