Bir ailənin normal yaşaması üçün nə qədər pul lazımdır? - Ekspert

Bir ailənin normal yaşaması üçün nə qədər pul lazımdır? - Ekspert Bir ailənin normal yaşaması, istirahət etməsi üçün ona müəyyən məbləğdə pul lazım olur

Təbii, normalda bu xərclər maaş, təqaüd hesabına ödənilir. Məhz orta aylıq əmək haqqı və təqaüdlər də əhalinin aylıq normal yaşaması üçün lazım olan məbləğə uyğun təyin edilir. Buna görədir ki, demək olar ki, bütün dünyada bir ailənin aylıq normal yaşayışını təmin etmək üçün nə qədər vəsait lazım olduğu rəsmi olaraq hesablanır.

Məsələn, qonşu Türkiyə Araşdırma Mərkəzinin araşdırmasına görə, çalışan tək adamın yoxsulluq həddi 2 min 231 lirə 13 qəpik olaraq hesablanıb. 4 nəfərlik bir ailənin minimum dolanışıq həddi isə 4 min 546 lirə 26 qəpik olaraq təyin olunub.

Azərbaycanda isə bu hesablamalar tam dəqiqliyi ilə aparılmır. Ümumiyyətlə, sosioloqlara görə, bir insanın xoşbəxt və qayğısız yaşaması üçün ildə 75 min dollar qazanması lazımdır. Bu isə ayda 6250 dollar edir ki, o da Azərbaycan reallığında mümkünsüzdür.

Maraqlıdır, ölkəmizdə bir ailənin normal yaşaması üçün aylıq nə qədər pul lazımdır?

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda orta aylıq əmək haqqı ilə bir ailənin necə dolandığını tapan iqtisadçı yəqin ki, Nobelə namizəd olar:

"Əgər rəsmi gəlirləri hesablasaq, Azərbaycan ailələrinin bu gəlirlərlə dolanması ehtimalı çox aşağıdır. Azərbaycanda belə hesablamalar təəssüf ki, aparılmır. Amma qonşu ölkələrdə belə hesablamalar var. Məsələn, Türkiyədə 4 nəfərlik bir ailənin aylıq yaşayış minimumunu hesablayıblar və bu, təqribən 4 min lirəyə yaxındır. Azərbaycan manatına çevirdikdə isə bu təqribən 2 min manata yaxın edir.

Yəni 4 nəfərlik bir ailənin kommunal, məktəb, ərzaq, geyim, əyləncə xərcləri minimum səviyyədə pul xərcləmələrinin hamısını hesablasaq, təqribən bu qədər vəsait tələb olunur.

Bizim ərzaq rasionumuz çox aşağı hesablanır, geyimdə, ümumiyyətlə, hesablama aydın deyil. Rəsmi hesablamalarda 2 ilə bir ayaqqabı, 7 ilə bir palto hesablanır. Bu da sovetdən qalma bir yanaşmadır. Sovetdən sonra minimum tələblər dəyişməyib, amma dünya çox dəyişib.

Dünyada olan proseslərlə və indikatorlarla Azərbaycanda hesablamalar aparılsa, 4 nəfərdən ibarət bir ailənin minimum bütün ehtiyaclarını ödəmək üçün təqribən 1500-2000 manat arasında bir vəsaitə ehtiyac yaranır.

Başqa standartlar da var. Ailə heç olmasa, ayda 1-2 dəfə teatra, kinoya getməli, kitab almalı, internetdən istifadə etməlidir. Amma Azərbaycanda çox təəssüf ki, bunlar, ümumiyyətlə, nəzərə alınmır. Minimum rasion və minimum geyimlə hesablanır ki, bu da doğru yanaşma deyil.

Ona görə də, dediyim kimi, Türkiyə örnəyini misal götürsək təqribən 1500-2000 manat civarında bir vəsaitə ehtiyac var ki, 4 nəfərlik bir ailə öz ehtiyaclarını tam şəkildə ödəyə bilsin".

İqtisadçı ekspert ölkədə orta aylıq əmək haqqının hesablanması qaydasının da səhv olduğunu dedi: "Ölkədə orta aylıq əmək haqqı təqribən 580 manat hesablanıb. Bu hesablamalar da, açığı, şübhə doğurur. Çünki hesablama qaydası Azərbaycanda səhvdir.

Əslində isə Azərbaycanda ən çox işlək olan sahələri götürsək, məsələn, təhsil sahəsini, bu sahədə təqribən 300 mindən çox insan çalışır. Onların ortalama əmək haqqı 200 manat civarındadır. Bu hesablamalarda da ciddi problemlər var.

Ona görə də bir daha təkrar edim ki, Azərbaycanda bu rəsmi gəlirlərlə əhalinin necə dolandığını tapan iqtisadçı çox güman ki, Nobelə namizəd olacaq”. (musavat.com)

Oxşar xəbərlər