Mehriban Əliyeva bu etimadı da şərəflə doğruldur

Mehriban Əliyeva bu etimadı da şərəflə doğruldur Şərqlə Qərb mədəniyyətlərinin bir araya gətirildiyi Azərbaycan yenə də dünyanın nəzər nöqtəsindədir. Ana Vətənimizdən uzaqlarda bu, özünü daha qabarıq göstərir

Son illər Azərbaycana marağın coğrafiyası genişlənir. Bunun səbəblərinin sayı artmaqdadır. Müstəqilliyinin 25 illiyini arxada qoyan Azərbaycan bu qısa dövrdə bir çox uğurlara imza atıb ki, bunlar da müstəsna xidmətləri ilə xalqımızın qəlbində əbədi yaşayacaq böyük dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ümumbəşəri ideya və təşəbbüslərinin reallaşması ilə mümkünləşib.

Azərbaycanın humanitar sahədəki təcrübəsi isə xüsusilə dünya xalqlarının marağına səbəb olub. Mədəni dəyərlərin öyrənilməsinə və onlardan istifadə edilməsinə son illər daha çox diqqət ayrılmasının səbəbləri az deyil. Deyirlər ki, mədəniyyətin dili daha çox anlaşıqlıdır, nəinki siyasətin. Buna görə də mədəni əlaqələrin daha da genişlənməsində xalqlar arasında ünsiyyətin qurulması, qarşılıqlı hörmət, tolerantlıq və multikulturalizm vacib faktor kimi ortaya çıxarılıb.

Azərbaycanın bu gün dünyada özünə layiqli yer tutması ilk növbədə onun müstəqil dövlət kimi tanınmasında və yerləşdiyi regionda əsas söz sahibi olmasındadır. Əlbəttə, buna nail olmaq o qədər də asan məsələ deyil. Müstəqilliyini bərpa etdikdən sonra hər tərəfdən edilən təzyiq və hücumlar, süni surətdə yaradılan qarşıdurma, nəhayət, Qarabağın Azərbaycandan qoparılması uğrunda aparılan mübarizələr xalqımızın tarixində iz buraxmaya bilməzdi. Lakin şükürlər olsun ki, Heydər Əliyev o zamanlar - Azərbaycanın müstəqilliyinin başı üzərini yenidən təhlükə alanda özünü yetirdi, hakimiyyətin necə idarə edilməsini anlatdı və dünya azərbaycanlılarının birliyinə nail oldu.

Həmin keşməkeşli illərdən bizi heç də uzaq tarix ayırmır. Ötən illər qədim tariximizin səhifələrinə acılı-şirinli və sevindirici hadisələrlə yazıldı. Budur, yenə də tarixi hadisə hesab edilən günləri yaşayırıq. Budəfəki tarixi hadisə də dövlətimizin siyasi, iqtisadi, humanitar sahələrdə dünyada qazandığı nüfuzunun təsdiqidir.
Ömrümün arxada qalan illərini Vətəndən uzaqlarda keçirsəm də, hər an Azərbaycanla nəfəs almış, onun acılarını duymuş, uğur və nailiyyətlərinə sevinmişəm. Vətənimdə nəinki elmi nailiyyətlər, eyni zamanda sosial-mədəni inkişaf da artıq dünya üçün nümunəyə çevrilib. Burada bır sıra yaddaqalan beynəlxalq elmi, mədəni və kütləvi idman tədbirlərinin keçirilməsi heç də təsadüfi deyil. Bu, ilk növbədə dövlətimizin inkişafı ilə sıx bağlı məsələlərdir. Neçə-neçə təşəbbüslərə imza atan Azərbaycanda müsəlman və İslam dünyasının həmrəyliyini beynəlxalq aləmə təqdim etməsi barədə təşəbbüsü də məni çox qürurlandırıb. IV İslam Həmrəyliyi Oyunları təkcə beynəlxalq miqyaslı idman tədbirlərinə növbəti dəfə evsahibliyi etmək kimi anlaşıla bilməz. Yenə də I Avropa Oyunlarında olduğu kimi, bu dəfə də tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradan amillər çoxdur. Oyunlarda iştirak edəcək İslam ölkələri idmançılarının Azərbaycanda bir araya gəlməsi Avropada və digər məkanlarda süni surətdə yaradılan antiislam əhvali-ruhiyyəsini dəyişmək missiyası daşıyır.

Beynəlxalq idman tədbirindən öncə Azərbaycan Prezidentinin sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunub. Bu da, öz növbəsində, keçiriləcək Oyunların əhəmiyyətini gücləndirir. Birinci vitse-prezident, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın aprelin 21-də hazırlıqlarla bağlı yekun iclasında bildirdiyi fikirlər də göstərir ki, bu Oyunlar adi, sıradan bir idman yarışı deyil. Bu Oyunlar həm böyük idman bayramına çevriləcək, həm də müsəlman aləmində dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək. Əminəm ki, Mehriban Əliyeva bu etimadı da şərəflə doğruldacaq.

Lütfi ZADƏ,
ABŞ-ın Kaliforniya Universitetinin
professoru, Çevik Hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru

Oxşar xəbərlər